AŞPA Qarabağla bağlı bir hesabata "yox" dedi, digərini bəyəndi

Strasburq, Avropa Şurası Parlament Assambleyası

-

AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilib. Hesabat səsvermədən sonra qəbul edilməyib.

“Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat AŞPA-da qəbul edilməyib.

Hesabatın müzakirəsində çıxış edən erməni tərəfi və bir çox digər deputatlar sənədin yenidən baxılmaq üçün komitəyə qaytarılmasını istəyiblər. Onların əsas arqumentləri o olub ki, "məruzəçi Robert Walter hesabatı hazırlayarkən Ermənistan və Dağlıq Qarabağa səfər etməyib və sənəd balanslı deyil, bir tərəfin mövqeyini əks etdirir."

Ermənsitan nümayəndə heyətinin üzvü Armen Rustamyan çıxışında deyib ki, qoşunların təmas xəttində atəşkəs durmadan pozulur. O, Azərbaycan tərəfini ağır silahlardan istifadə etməkdə suçlayıb:

“Ağır silahlardan istifadə edilir. Barışa deyil, savaşa hazırlıq getdiyi görülür. Niyə atəşkəsin pozulması məsələsi araşdırılmayıb? Burda tək günahkarın Ermənistan olduğunu, Azərbaycansa davamlı olaraq problemin həllinə çalışdığını demək çox asandır. Belə hesabatın hazırlanması üçün Dağlıq Qarabağa getməyə, Ermənistanı dinləməyə gərək görülməyib. Hesabatda Azərbaycanın fikirlərini təkrarlanır, Ermənistan əleyhinə mövqe ortaya qoyulur, suçun bizdə olduğu deyilir".

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında deyib ki, assambleyada hazırlanan hesabatlar uzun müddət aparılan araşdırmaların nəticəsində ortaya çıxır:

“Ermənistan silahlı qüvvələri mülki şəxslərə basqı edir. Ermənistan tərəfi Azərbaycan meşələrinə zərər vurur, çayları kimyəvi maddələrlə zəhərləyir, insanları təhdid altında qoyur. Hesabatda qorxunc gerçəklərin sadəcə bir qismi göstərilib. Ermənistansa gerçəkləri etiraf etmək istəmir”.

Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilməyib.

Müzakirəyə çıxarılan digər sənəd deputat Milica Markovic-in “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatdır.

Sessiyada çıxış edən Markovic deyib ki, Dağlıq Qarabağ və işğal altındakı 6 bölgəni içməli su ilə təmin edən Sərsəng su anbarının 80 faizi Ermənistanın nəzarətindədir. O bildirib ki, vəziyyəti müşahidə etmək üçün bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib. Lakin hər dəfə Ermənistan tərəfi bir səbəb gətirərək Markovicin əraziyə germəsini təmin etməkdən boyun qaçırıblar.

Məruzə səsə qoyulub və qəbul edilib.

ŞƏRHLƏR

Deputat Rasim Musabəyov AŞPA-da hesabatın qəbul edilməməsinə görə çox əsəbiləşib. O, AzadlıqRadiosuna açıqlamasında baş verənlərdə, özəlliklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərini günahlandırıb. EyNi zamanda, bunu Azərbaycan diplomatlarının məğlubiyyəti kimi dəyərləndirib.

“Erməni tərəfinin nə arqumenti vardı ki? Onlar lobbiçiliklə məşğuldular. Bütün imkanlardan istifadə edərək deputatlara təsir etdilər ki, avropalı deputatlar bu məsələdə onların xeyrinə səs versinlər. Mən bu məsələdə xüsusi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyinə toxunmaq istəyirəm. Onlar missiyalarına heç də uyğun olmayan bir müdaxilə etdilər. Bu müdaxilə sayəsində... Həmsədrlər bəyanat verdilər ki, “bizim işimizə mane olan qərar qəbul etməyin”. Nə iş görürlər ki, bunlar? İyirmi ildir ancaq quyruq bulayırlar. Hələ də ortalıqda bir şey yoxdur. Bir qurum prinsipial mövqe qoymaq istədikdə isə ona mane oldular. Düşünürəm ki, istədiyimiz nəticəni əldə edə bilmək üçün bizim diplomatlarımızın da yetərincə səyləri olmadı. Onlar daha çox işləməliydilər. Ancaq, istənilən halda, Minsk Qrupunun müdaxiləsi tamamilə yersiz idi”.

Deputat Azərbaycanla bağlı ikinci sənədin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatın qəbuluna isə belə münasibət bildirib:

“O sənədə Minsk Qrupu müdaxilə etmirdi deyə qəbul olundu. Üç həmsədrin bəyanatı, “bizim işimizə xələl gətirəcək qərar qəbul edilməsin” demələri işləri korladı.Nə üçün qəbul olunmamalı idi? Prinsipial mövqe qoyulmalıdır ortalığa. İşğalçıya “işğalçı” demək lazımdır. Nə isə...”

ATƏT-in Minsk qrupu həmsədrləri yanvarın 22-də yaydıqları bəyanatda AŞPA və digər regional və beynəlxalq təşkilatlara xatırladırdılar ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır.

“Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”, - bəyanatda vurğulanırdı.