Sentyabrın 9-da Ədliyyə Nazirliyinin daha bir neçə partiyanı dövlət qeydiyyatına aldığı açıqlanıb.
Bunlar Azərbaycan Xalq Cəbhəsi (Əli Kərimli), Müsavat (Arif Hacılı), Respublikaçı Alternativ (İlqar Məmmədov), Klassik Xalq Cəbhəsi (Mirmahmud Mirəloğlu) və Müasir Müsavat (Hafiz Hacıyev) partiyalarıdır.
Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 19-a çatıb.
Qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan daha 8-nə, hələlik, cavab verilməyib. Onlardan YAP-dan başqa 26-sının sənədləri imzalarda yanlışlıqlar səbəb göstərilərək geri qaytarılmışdı. Həmin partiyalar sənədlərini ikinci dəfə Ədliyyə Nazirliyinə göndəriblər.
Rəsmi qeydə alınan partiyalar
Yeni Azərbaycan Partiyası (İlham Əliyev)
Ağ Partiya (Tural Abbaslı)
Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı)
Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev)
Milli Cəbhə Partiyası (Razi Nurullayev)
Ana Vətən Partiyası (Fəzail Ağamalı)
Haqq Ədalət Partiyası (Əli İnsanov)
Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə)
Ümid Partiyası (İqbal Ağazadə)
Böyük Azərbaycan Partiyası (Elşad Quliyev)
Demokrat Partiyası (Sərdar Cəlaloğlu)
Xalq Partiyası (Pənah Hüseyn)
Vəhdət Partiyası (Tahir Kərimli)
Azad Vətən Partiyası (Akif Nağı)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (Əli Kərimli)
Müsavat Partiyası (Arif Hacılı)
Respublikaçı Alternativ Partiyası (İlqar Məmmədov)
Klassik Xalq Cəbhəsi Partiyası (Mirmahmud Mirəloğlu)
Müasir Müsavat Partiyası (Hafiz Hacıyev)
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə ikisi ləğv edilib. 2021-ci ildə altı partiya iqtidarda olan YAP-a birləşdiyini bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.
"Siyasi partiyalar haqqında" yeni qanun qüvvəyə mindikdən sonra bu siyasi partiyalardan 31-i ləğv olunmaları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan imza sayının 1 mindən 5 minə qaldırılması ilə izah edildi.
Xatırlatma
Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun ötən il qəbul edilib və bu ilin əvvəlində qüvvəyə minib. Yeni qanunun qəbulu ilə də partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxıb. Yeni qanunda qeydiyyat üçün üzv sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.
Avropa Şurasının Venesiya Komissiyası qanunvericiliyə edilən bu dəyişikliklərə tənqidi rəy verib.