2024-cü ildə Azərbaycandakı siyasi partiyalara daha 5 milyon manat ayrılması nəzərdə tutulur. Amma yalnız parlamentdə təmsil olunan partiyalara...
Bəs, bu puldan kimə nə çatır? Partiyalar bu pulu hara və necə xərcləyir?
AzadlıqRadiosu bu suallara cavab tapmaq üçün ilk olaraq partiya rəhbərlərinin özləri ilə danışmağa cəhd edib. Parlamentdə təmsil olunan 10 partiyadan beşindən müsahibə ala bilib. Amma heç də bütün partiyalar dövlət büdcəsindən aldıqları vəsaiti açıqlamağa həvəsli olmayıblar.
Azərbaycan Demokratik İslahatlar Partiyasından parlamentdə bir nəfər, partiyanın sədri Asim Mollazadə özü təmsil olunur. Deputat büdcədən partiyaya ayrılan pullar, bu pulların hara və nə qədər xərclənməsi haqda sualları detallı cavablamayıb:
- Bizdə bu maliyyə, əsasən, partiyanın, eləcə də onun regional və ümumi strukturunun inkişafı üçün istifadə olunur. Biz həm dövlət dəstəyi, həm də partiyaya dəstək verən iş adamlarının köməyi ilə ofisin icarəsi, avadanlığı və bu istiqamətdə olan xərcləri həll edirik.
- Sirr deyilsə, ofisinizin icarə haqqı nə qədərdir?
- Xanım, gəlin bu detallara varmayaq...
Azı 300 min manat
Milli Quruluş Partiyasından parlamentdə yalnız onun sədri Fazil Mustafa təmsil olunur. O, AzadlıqRadiosuna bildirib ki, büdcədən ayrılan pullar, əsasən, partiyanın saxlanmasına xərclənir: "2022-ci ildə partiyamıza büdcədən 120 min Azərbaycan manatı daxil olub. Bu pullar bütövlükdə partiyanın rayon təşkilatlarının saxlanmasına, partiyanın təşkilati-texniki fəaliyyətinə, müxtəlif tədbirlərin keçirilməsinə xərclənib. Partiyanın fəaliyyəti yetərincə şəffafdır. Maliyyə fəaliyyəti ilə bağlı bütün məlumatlar Mərkəzi Seçki Komissiyasına təqdim olunub".
AzadlıqRadiosu F.Mustafanın barəsində danışdığı hesabata baxıb. Məlum olub ki, 2022-ci ildə dövlət büdcəsindən partiyaya ayrılan vəsait, deputatın dediyi kimi, 120 min manat yox, azı 300 min manat olub. AzadlıqRadiosu bu uyğunsuzluqla bağlı F.Mustafaya yenidən müraciət edib. Amma o, buna aydınlıq gətirməyib.
Aya 19 min manata qədər
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin də müsahibəsində dediyi məbləğlə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi hesabatda dövlət büdcəsindən daxilolmalar uzlaşmayıb.
- O vəsaiti biz açıqlaya bilərik, burada heç bir gizli məqam yoxdur. Amma mən indi onu haradan bilim? Mən bilirəm ki, aylıq ödənilən məbləğ 14 min 500 manatdan 19 min manata qədərə dəyişir.
- Razi bəy, Sizin dediyiniz aylıq məbləği hesablayanda ilə təxminən 200 min manat edir. Bu da Mərkəzi Seçki Komissiyasına təqdim etdiyiniz hesabatda dövlət büdcəsindən daxilolmalar ilə uyğunsuzluq təşkil edir. Bu uyğunsuzluq nə ilə bağlıdır?
- Mən onu, vallah, bilmirəm, axı. Mən sizə onun cavabını verə bilmərəm. Mən olanı deyirəm. Bunu mühasibatlıq bilər. Siz indi bu sualı mənə verirsiniz, birdən nəsə yanlışlıq olar.
R.Nurullayev mühasibatlıqla bu məsələni dəqiqləşdirməsi üçün vaxt istəyib, bir müddət sonra yenidən zəng etməyimizi istəsə də, sonradan telefonu açmayıb.
İcarə haqları, tədbirlər
Siyasi partiyalar haqda qanuna əsasən, parlamentdə təmsil olunan partiyalara deputat sayına görə vəsait ödənilir. Bu da o deməkdir ki, əslində bir deputat ilə təmsil olunan bütün partiyalara təxminən eyni məbləğdə vəsait daxil olub. Bu baxımdan, Respublikaçı Alternativ (REAL) Partiyasının açıqladığı rəqəmlə MSK-ya təqdim edilən hesabatda göstərilən rəqəmlər üst-üstə düşüb.
REAL-ın icra katibi Natiq Cəfərli bildirib ki, 2022-ci ildə dövlət büdcəsindən partiyaya 300 min manata yaxın, 2023-cü ildə isə 285 min manat vəsait daxil olub. O bildirib ki, daxil olan vəsaitin əsas hissəsi partiyanın ofislərinin icarə haqqına sərf olunub: "Hər manatın ayrıca istiqamət üzrə, maaşlar, qonorarlar, hətta yanacaq xərclərinə qədər detallı hesabatı verilir. Bizim rayonlara səfərlərimiz olur. Məsələn, ötən il 24 rayona səfərimiz olub. Yanacağa çəkilən xərclərə qədər qəbzləri ilə birgə MSK-ya hesabat vermişik. Bizim beş ofisimiz var, üçü Bakıda, biri Sumqayıtda və Gəncədə. Ofislərimizin icarəsi və işçilərin maaşları aya təxminən 11-12 min manat edir. Ayrılan vəsaitin böyük hissəsi məhz bu istiqamətə gedir. Bundan başqa, gənclər təşkilatımız var. Gənclər təşkilatı ayda, heç olmasa, iki dəfə müxtəlif tədbirlər, müzakirələr keçirir. Bu tədbirlərin keçirilməsinə də haradasa ayda 1000 manat sərf olunur".
VHP-yə 366 min manat
Partiyalar dövlət büdcəsindən daxil olan vəsaitin əsas hissəsini ofislərin icarə haqqına ödədiyini bildirir. Amma Vətəndaş Həmrəyli Partiyasının (VHP) şansı bu baxımdan gətirib.
"Bu ofis "Qanun" nəşriyyatınındır. Bilirsiniz, "Qanun" nəşriyyatı da Şahbaz Xuduoğlunundur. O da mənim qardaşımdır. Hələ ki, qardaşımın böyük qardaş sevgisindən sui-istifadə edərək burda otururuq". VHP sədri Sabir Rüstəmxanlı bildirir ki, bu məsələ ilə bağlı detallı məlumatlar mühasibatlıqdadır. O ki qaldı xərclərə, deputat deyir ki, hara nə xərclənib, qəpiyinə kimi hesabatı verilir.
"Burada işçilərin sayı, onlar haqda məlumatlar verilir. Ayrılan pullar da bizim verdiyimiz ştat cədvəlinə uyğun həmin işçilərin kartına göndərilir. Partiya istəsə ki, partiyaya ayrılan puldan 100-200 manat partiyaya gəlsin, oradan nağd xərclənsin, bu mümkün deyil", - o əlavə edir.
VHP-nin MSK-ya təqdim etdiyi hesabatda dövlət büdcəsindən gəlirləri 366 min manat göstərilib.
YAP və digərləri
AzadlıqRadiosu digər partiyalarla da əlaqə saxlamağa çalışıb, amma alınmayıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının ofisinə də baş çəkib, amma ofisin qapıları bağlı olub, görüntülərdən ofisinin işləmədiyi, toz içində olduğu görünür.
MSK partiyaların 2023-cü il üzrə maliyyə hesabatlarını hələ ki dərc etməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
2022-ci il üçün MSK-ya təqdim edilmiş hesabatdan məlum olur ki, parlamentdə bir deputatla təmsil olunan bütün partiyalara 304 min manat ayrılıb, üç deputatı olan VHP-yə 366 min manat verilib.
2022-ci ildə ən çox vəsait Yeni Azərbaycan Partiyasına (YAP) ayrılıb. 70 deputatla parlamentdə təmsil olunan hakim partiyanın MSK-ya təqdim etdiyi hesabata görə, 2022-ci ildə partiyaya dövlət büdcəsindən 2 milyon 400 min manat ayrılıb.
YAP digər siyasi partiyalardan fərqli olaraq həm də üzvlük haqqından gəlirlər götürüb. 2022-ci ildə partiyaya daxil olan üzvlük haqqı 23 milyon manat olub.
Oxşar xərclər
Hesabatdan məlum olur ki, partiyaların xərcləri də təxminən oxşardır.
Partiyaların ayrılan pulları, əsasən, əməkhaqqılarının ödənişinə, təsərrüfat, təmir, dəftərxana, kommunal və digər vergi ödəmələrinə xərclədiyi göstərilir.
Böyük Quruluş Partiyası il ərzində YAŞAT Fonduna 16 min manat yardım edib. Ümumilikdə 2022-ci ildə partiyanın xərci 231 min manat olub.
Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Xalq Cəbhəsi Partiyasının isə MSK-ya təqdim etdiyi hesabatda hara nə qədər xərcləndiyi detallı göstərilməyib. Bircə partiyanın saxlanmasına 204 min manat sərf olunduğu göstərilib. Amma bu vəsaitin hara, nə qədər xərclənməsi qeyd olunmayıb.
Demokratik İslahatlar Partiyası dövlətdən ayrılan vəsaitin böyük hissəsini - 225 min manatını əməkhaqqılarının ödənilməsinə ayrıldığını göstərib. Amma digər partiyalardan fərqli olaraq, hesabatında işçilərin sayını göstərməyib. Partiyanın 10 işçisi olsa, bu o deməkdir ki, ayda bir nəfərə azı 1500 manat əməkhaqqı düşür.
"Siyasi təşkilat funksiyasını yerinə yetirən şəxslər, kiçik qruplar..."
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı düşünür ki, hesabatda yazılanların əksəriyyəti həqiqəti əks etdirmir. Hesab edir ki, partiyalara ayrılan pullar da onları nəzarətdə saxlamağa yönəlib: "Bu partiyaların böyük əksəriyyəti - 99 faizi, bir-ikisini çıxmaq şərti ilə, tam hakimiyyətin nəzarətində olan siyasi təşkilatlardır. Heç onlara "siyasi təşkilatlar" da demək olmaz. Onlar siyasi təşkilat funksiyasını yerinə yetirən şəxslər, kiçik qruplardır. Bir çoxlarını araşdırsanız, bir sədrdən, uzağı sədr müavinindən ibarət, heç üçüncü bir adamı olmayan partiyalardır. Onlar da maliyyələşdiriləndə partiyanın sədri nəzərdə tutulur. Bundan əvvəl onlara müəyyən paketlər şəklində qeyri-qanuni ödənişlər edilirdi. İndi isə bu ödənişləri qanuniləşdiriblər. Büdcədən edirlər".
A.Qasımlının fikrincə, parlamentdə təmsil olunan partiyaların əksəriyyətinin adı var, özü yoxdur.
Azərbaycanda siyasi partiyalar haqda qanuna əsasən, yalnız parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır. 2022-ci ildən bəri ayrılan illik vəsait 5 milyon manatdır.
Azərbaycan hakimiyyəti partiyalara maliyyə yardımı ayırmaqla siyasi partiyaların fəaliyyətini, ölkədə çoxpartiyalı sistemi dəstəklədiyini bəyan edir.
Son parlament seçkilərini Azərbaycanın aparıcı partiyalarından AXCP boykot etmişdi. Partiya Azərbaycanda normal seçki mühitinin olmadığını, ölkədə insan haqlarının kütləvi pozulduğunu əsas gətirmişdi. Müsavat Partiyası isə seçkiyə qatılsa da, mandat qazana bilmədiyi elan edilmişdi. Hakimiyyət parlamentin ədalətli seçkilər yolu ilə formalaşdırıldığını iddia edir.