Yunanıstan bayrağı altında Baltik dənizində üzən "Minerva Julie" tankeri 2022-ci il sentyabrın 6-dan bir həftə ərzində "Şimal axını" qaz kəmərinin keçdiyi ərazi sularında olub.
Bu barədə "Business Insider" məlumat yayıb. Qaz kəmərində partlayış sentyabrın 26-da baş verib.
Buna da bax: Rusiyanın qaz kəmərlərini kim partladıb? – Qərb mediasıMəlumatda qeyd olunur ki, tankerin qaz kəməri ərazisində dayanmasına ilk diqqət yetirən danimarkalı analitik Oliver Alexander olub. Onun sözlərinə görə, təxminən tankerlə eyni yerdə bir yaxta da olub.
Almaniya mətbuatına görə, bu, sözügedən yaxtanın orada olması partlayıcı maddələrin çatdırılması ilə bağlı ola bilər.
"Minerva Julie" sahibi "Business Insider"-ə gəminin Baltik dənizində olduğunu təsdiqləyib. Amma o deyib ki, tankerin ekipajı səfərlə bağlı yeni təlimatlar gözləyirmiş və bu da standart təcrübədir.
Nəşr yazır ki, sözügedən tankerin uzun müddət partlayış baş verən ərazidə dayanması sosial şəbəkələrdə xeyli fərziyyələrə səbəb olsa da mövcud məlumatlar ekipajın təxribatda iştirakını göstərmir.
2022-ci il sentyabrın sonunda baş verən partlayışda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib.
Hələ istifadəyə verilməyən bu kəmər Rusiya qazını Almaniyaya, ordan da digər Avropa ölkələrinə nəqlini nəzərdə tuturdu.
Buna da bax: Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıbİsveç, Danimarka və Almaniyanın araşdırmaları göstərir ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilməyib.
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları bunu məqsədyönlü təxribat elan ediblər.
Qərb mətbuatının yazdığına görə, partlayışda Kiyevlə hərəkətlərini koordinasiya etməyən, ukraynayönlü qruplaşmanın əli ola bilər.
Ukrayna prezidenti Kiyevin partlayışlarda iştirakı barədə məlumatları dezinformasiya adlandırıb və deyib ki, bu Ukrayna ordusuna hərbi yardımı ləngitmək istəyən ölkələr üçün faydalıdır.
Rusiya hakimiyyəti qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.
“The Wall Street Journal” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi hələ ötən ilin yayında Avropa ölkələrinə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.