«Absheron Hotel Group» şirkəti Egey dənizin sahilində, Bodrumun Yalıkavak məhəlləsində yeni otelinin açılışına hazırlaşır. «Allium Villas Bodrum» adını almış 9 villadan ibarət bu otel qonaqlarını 2017-ci ildə qəbul edəcəyini açıqlayıb.
2013-cü ildə burada bir otel alındı…
Türkiyə mediası hələ 2013-cü ilin martında yazırdı ki, Azərbaycan prezidenti İlham Əliyev Bodrumda 13 milyon avroya beşulduzlu otel alıb. Burada 145 otel nömrəsinin olduğu bildirilirdi. “Allium Villas” həmin otelin yerləşdiyi 17 min kvadrat metrlik ərazidə salınıb.
Azərbaycan mediası bu istirahət məkanının tikintisindən ilk dəfə bu ilin martında xəbər tutub. Media Türkiyənin «POLYFIN Geomembran Sanayi ve Ticaret A.Ş» şirkətinin “Facebook” səhifəsinə istinad edirdi. Səhifədə vurğulanırdı ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin villasının tikintisində bu şirkətin izolyasiya məhsullarından istifadə olunur. Sonradan həmin məlumatlar yığışdırıldı.
Türkiyə mənbələri də təsdiqləyir
Otelin qurulmasında iştirak edən Türkiyənin «2E Design» şirkəti sifarişi «PMD Group» MMC və «Modern Mühəndislik» şirkətlərindən aldığını (https://goo.gl/rxkLXL) açıqlayır.
2013-cü ildən «PMD Group» MMC «Paşa Holding»ə daxildir. O, aktivlərin və daşınmaz əmlakın idarə olunmasıyla məşğuldur. Qrup həm də Azərbaycanda bank kapitalında iştirak edir.
Bəs otel neçəyə başa gəlib?
Azərbaycanda 6 beşulduzlu otelə sahib olan «Absheron Hotel Group» MMC hər biri 4 – 8 nömrədən ibarət dəbdəbəli villaların Yalıkavakda sahil yamacında, yaşıllıqların arasında inşa olunduğunu bildirir. Onların tikintisinə xərclənən vəsait haqqında isə bir söz deyilmir. AzadlıqRadiosunun rəyini soruşduğu, amma adının çəkilməsini istəməyən Bakıdakı daşınmaz əmlak eksperti bu obyektə təxminən 20-25 milyon ABŞ dolları qiymət qoyub.
Turizm şirkətləri «Allium Villas Bodrum» otelinin şəkillərini paylaşıblar . Otel artıq qonaq qəbuluna hazırdır.
İstirahət və sərmayə məkanı
Sentyabrda prezident İlham Əliyev xanımı ilə birlikdə Bordumda dincəlmişdi. Türk mediası onların qaldığı otelin şəkillərini təqdim etdi, amma adını açıqlamadı. Başqa sözlə, dövlət başçısı öz otelindəmi yerləşmişdi, yoxsa qonşuluqdakı başqa birində – bəlli olmadı.
Əliyevlərdən başqa, Bodrumun Yalıkavak bələdiyyəsi ərazisində azərbaycanlı işadamı Mübariz Mənsimov da böyük əmlaka sahibdir.
Bodrum azərbaycanlıların yay mövsümündə ən çox seçdikləri istirahət məkanlarındandır. İyundan sentyabrın sonunadək «Azərbaycan Hava Yolları» aviaşirkəti buraya birbaşa uçuşlar təşkil edir.
Otellər qrupu böyüyür
2013-cü ildə otel idarəçiliyi məqsədilə qurulan və paylarının 100 faizi «Pasa Holding»ə məxsus «Absheron Hotel Group» şirkəti Bakıda və Qusardakı Şahdağ Yay-Qış Turizm Kompleksində 6 mehmanxanaya («Four Seasons», «JW Marriott Absheron», «İntourist», «Boulevard», «Park Chalet» və «Pik Palace») sahibdir. Daha bir otelin («Dinamo Oteli») bu yaxınlarda istifadəyə verilməsi gözlənilir.