Azərbaycan XİN Nikol Paşinyana cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışına münasibət bildirib.
Nazirliyin saytında yer alan açıqlamaya görə, “Nikol Paşinyanın Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycanın üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır”.
Hacızadənin fikrincə, Avropa İttifaqının bəyanatına istinad edən baş nazirin “delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir”.
O deyib ki, Ermənistan onların 8 kəndini işğalda saxlayır və bununla yanaşı öz qoşunlarını Azərbaycan ərazilərindən hələ də çıxarmayıb:
“Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir.”
Ermənistan rəsmiləri isə öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmir.
Onlar deyirlər ki, Qarbağın “müdafiə ordusu” onlara aid deyil. Üstəlik, onlar da 1991-ci ildən sonra bəzi kənd və ərazilərini Azərbaycanın işğal etdiyini vurğulayırlar.
***
Martın 30-dan Teğ kəndi ərazisində yaranış vəziyyət detallı araşdırılmalıdır, dövlət sərhədinin həmin hissəsinin mühafizəsində bizim hərəkətlərimiz dəyərləndirilməlidir. Bunu Baş nazir Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında deyib.
“Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycanın bu ərazidə hərəkətləri provokasiya xarakterlidir, 2022-ci il oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilmiş görüşlərdə qəbul olunmuş bəyanatlara ziddir”, – Paşinyan vurğulayıb.
Avropa İttifaqı (Aİ) aprelin 11-də Azərbaycan-Ermənistan sərhədindəki Teğ kəndi yaxınlığında 7 hərbçinin ölümüylə nəticələnmiş hərbi toqquşmalarla bağlı təəssüfünü bildirib. Aİ belə insidentlərin baş verməməsi üçün tərəfləri sərhədin delimitasiya olunmadığı 1991-ci ilə aid sərhəd xəttindən təhlükəsiz məsafəyə çəkməyə çağırıb. Brüsselin bəyanatında deyilir ki, 2022-ci ilin oktyabrında Praqada 1991-ci ilin Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil, əldə olunmuş bütün razılaşmalara riayət edilməsi zəruridir.
Buna da bax: Ermənistanda Azərbaycanın axtardığı ikinci hərbçisi də saxlandı“2021-ci ildən buna hazır olduğumuzu deyirik”
Paşinyan deyir ki, Aİ-nin bəyanatında sözügedən sərhədə hörmətlə yanaşılmalıdır.
“Ermənistan 1991-ci il sərhədi boyunca belə bir addıma getməyə hazırdır. Biz 2021-ci ildən buna hazır olduğumuzu deyirik, Praqa və Soçi üçtərəfli razılaşmalarının məntiqindən də bu çıxır”, – baş nazir vurğulayıb.
O, Azərbaycanın destruktiv yanaşmasının belə bir qərara mane olduğunu iddia edib. Paşinyanın sözlərinə görə, Azərbaycan sistematik olaraq beynəlxalq arenalarda əldə olunmuş razılaşmalara əməl etməmək təcrübəsi sərgiləyir.
Azərbaycan Prezidenti İlham Əliyev isə aprelin 12-də deyib ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparılır. Prezident aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentin Ermənistan tərəfindən təxribat olduğunu bildirib.
Paşinyan aprelin 12-də deyirdi ki, Azərbaycan ordusunun Teğ kəndi rayonuna çıxışı ilə bağlı təhlükəsizliyin təminatı üçün onun verdiyi bir sıra tapşırıqlar yerinə yetirilməyib.
Buna da bax: Paşinyan toqquşmadan, İran dronundan və statusdan danışıbXatırlatma
Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.