Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla keçmiş SSRİ daxilindəki administrativ sərhədlərin tanınmasının vacibliyini vurğulayıb. O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi (ermənilər “Stepanakert” deyirlər) ilə müzakirələrə çağırıb.
Paşinyan bunu sentyabrın 26-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşündə söyləyib.
Rəsmi Bakı isə ölkənin ərazi bütövlüyünü təmin etdiyini, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, belə bir ərazi vahidinin artıq mövcud olmadığını bildirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
1991-ci il 8 dekabr sazişi
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Paşinyan deyib ki, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədləri iki ölkənin müstəqilliyinin ilk aylarında onların dövlət sərhədlərinə çevrilib. O zaman həm Ermənistan, həm də Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması üzrə sazişi imzalayaraq ratifikasiya ediblər.
“Uzunmüddətli həllə gəlincə, Ermənistanla Azərbaycanın 1991-ci il 8 dekabr sazişiylə təsdiqlənmiş sərhədlərini qarşılıqlı tanıyaraq sülh sazişini imzalamaq yoluyla getməsini vacib sayıram. Ermənistan regional kommunikasiyalarım açılmasına, ölkənin milli qanunvericiliyə uyğun olaraq yeni kommunikasiyaların qurulmasına hazırdır.
Dağlıq Qarabağ məsələsinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək həllini də əhəmiyyətli sayırıq. Düşünürəm ki, Azərbaycanla Dağlıq Qarabağın müzakirələrə başlaması faydalı olar. Bu kontekstə ATƏT-in Minsk qrupu həmsədri kimi Fransanın rolunu qeyd etmək istəyirəm”, – Paşinyan deyib.
Rəsmi Bakı 1990-cı illərdən Qarabağ münaqişəsi üzrə danışıqlara vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun missiyasının artıq bitdiyini deyir.
Buna da bax: Paşinyan Əliyevə: 'Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki...'Beynəlxalq müşahidə missiyası
O, Azərbaycanın 13-14 sentyabrda Ermənistanın suveren ərazisinə təcavüz etdiyini bir daha vurğulayıb. Baş nazirin sözlərinə görə, regionda vəziyyət gərgin olaraq qalır və sərhəd zonasına beynəlxalq müşahidə missiyası göndərməklə beynəlxalq ictimaiyyət birbaşa, vasitəçisiz informasiya ala bilərdi.
Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəd toqquşmalarında Azərbaycandan 80-ə yaxın, Ermənistandan 200-dən çox hərbçi həlak olub. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ermənistan həmin toqquşmalara görə Azərbaycanı ittiham edib, onun öz suveren ərazisinə girdiyini deyib. Azərbaycansa Ermənistanı provokasiyada suçlayıb.
Daha sonra Prezident İlham Əliyev də çıxışında deyib ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.
Buna da bax: Azərbaycan-Ermənistan gərginliyinin arxasında nə var? - Qərb eksperti“İstisnasız danışıqlar yoluyla...”
Emmanuel Makron isə Paşinyanla dünənki görüşündə qeyd edib ki, güc tətbiqi nə Ermənistan, nə də Azərbaycan üçün həll yoludur, dialoq dərhal bərpa edilməlidir.
“Xeyli sayda həll olunmayan məsələlər istisnasız danışıqlar yoluyla həllini tapmalıdır. Danışıqlar fərqli formatlarda, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır və onlar bərpa olunmalıdır”, – Makron deyib.
Əliyevlə Paşinyan sonuncu dəfə avqustun 31-də Brüsseldə görüşüblər. Həmin görüşdə xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırığının verildiyi açıqlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.
Avqustun sonunda Laçın dəhlizinə paralel yol işə salınandan sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.