Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin onun Azərbaycanın sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyatın baiskarı olduğuna dair bəyanatını rədd edib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Putin ötən həftə Rusiya sülhməramlılarının Azərbaycanın hücumunun qarşısını almamasının səbəbi barədə danışmışdı.
Rusiya prezidenti iddia etmişdi ki, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə 2022 və 2023-cü illərdə Qərbin vasitəçilyi ilə keçirilən danışıqlarda Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla Rusiya sülhməramlılarının mandatını zəiflədib.
O Moskvada keçirilən ilsonu mətbuat konfransında demişdi ki, “Qarabağı biz yox, onu Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan tək qoyub”.
Azatutyun yazır ki, Paşinyan Putinin bu iddialarına Ermənistan ictimai televiziyasına müsahibəsində cavab verib.
O deyib ki, 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsini dayandıran atəşkəs razılaşmasının vasitəçilyini edəndən az sonra Putinin özü Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdi:
“Bu bəyanatlar açıq verilmişdi və səhv etmirəmsə, bunları indi də sosial mediadan tapmaq olar”.
Buna da bax: Hikmət Hacıyev Bakının Vaşinqtondan incikliyinin detallarını Londonda açıqlayıb
Rusiyanın “sıfır reaksiyası”
Paşinyan bunun ardınca Azərbaycanın Ermənistan ərazisinə hücumlarına və Yerevanın hərbi yardım ricasına Rusiyanın “sıfır reaksiyasını” pisləyib.
Baş nazir yada salıb ki, Azərabaycanın 2021-ci ilin iyununda, Ermənistanda parlament seçkiləri ərəfəsində keçirdiyi hərbi əməliyyatlardan biri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfərdə idi:
“O vaxt Ermənistan hökumətinin bu hadisəyə fərqli reaksiya verəcəyinin ehtimalı böyük idi. Bunun nəticəsində seçkilərin keçirilməməsi Ermənistan Respublikasının dağılması demək olardı. Biz başa düşdük ki, Ermənistanın ləğv olunmasına cəhd edilib”.
Azatutyun xatırladır ki, oktyabrın 17-də Avropa Parlamenti qarşısında çıxış edən Paşinyan Moskvanı Qarabağ problemindən onu devirmək üçün fürsətlənmək, Ermənistanda qarışıqlıq yaratmaq cəhdində günahlandırmışdı.
Buna da bax: Azərbaycan ermənistanlı ərizəçilərə təzminat ödəməlidirQarabağ Azərbaycanın nəzarətinə keçəndən sonra
Azatutyun yazır ki, Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ almasından sonra Moskva və Yerevan arasında gərginlik misilsiz həddə çatıb.
Paşinyan və Ermənistanın başqa vəzifəli rəsmiləri Rusiyanın başçılıq etdiyi təşkilatların, o cümlədən keçmiş sovet respublikalarından ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını boykot ediblər.
Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.
Rusiya Xarici İşlər Nazlirliyi bununla bağlı Yerevanı Rusiya-Ermənistan münasibətlərini “sistematik” şəkildə dağıtmaqda ittiham etmişdi.
Azatutyun yazır ki, Ermənistanın aparıcı müxalifəti də Paşinyanı Qarabağın itirilməsinə görə ittiham edir. Müxalifətin Ermənistanın müharibədə məğlub olmasından və Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunmasından Paşinyan hökumətini devirmək üçün fürsətlənmək cəhdləri baş tutmayıb.
Paşinyan son televiziya müsahibəsində Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə görə yenə də özündən əvvəlki hakimiyyətləri, onların apardığı danışıqları və yanlış siyasəti ittiham edib.
Buna da bax: Paşinyan sülh danışıqlarının 'süni şəkildə' uzadılmasından narahatdırXatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.