Ermənistan Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham edir

Azərbaycanın hərbi yük maşınları Laçın şəhərindən keçir. 2020

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham edib.

Qriqoryan bildirib ki, Rusiyanın icazəsi olmadan 2020-ci ildə 44 günlük müharibə olmazdı.

"Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra getdi, bütün reallıq budur. Mən iddia edirəm ki, Dağlıq Qarabağı Rusiya tutub. Rusiyanın icazəsi olmadan müharibə olmazdı", - o, jurnalistlərlə brifinqdə deyib.

Qriqoryan vurğulayıb ki, Ermənistanın Rusiyadan asılılığı müharibəyə gətirib çıxarıb və siyasi kursun dəyişməsi sabitliyə çevriləcək: "Ermənistan tamamilə Rusiyadan asılı olanda bizdə müharibə yox idi? Var idi. Gəlin dəqiqləşdirək: bu mövcud vəziyyətə görə biz özümüzü müharibəyə saldıq".

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin isə "RİA Novosti"yə bildirib ki, Qriqoryanın həmin bəyanatı doğru deyil: "Erməni siyasi xadimlərinin, o cümlədən ali rəhbərliyin yazı və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları artıq orada var".

+++

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham etməsinə Bakıdan da cavab verilib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, bu açıqlama əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil.

AZƏRTAC-ın xəbərinə görə, Hacıyev vurğulayıb ki, "Azərbaycan ordusu döyüş meydanında öz sözünü deyərək Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və kapitulyasiya aktını imzalamağa məcbur edib".

"Bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür", - o əlavə edib.

Buna da bax: Azərbaycan yeni təcavüzə doğru gedir - Ermənistan XİN
21 iyun

Mirzoyan Tixanovskaya ilə görüşüb

İyunun 20-də Vilnüsə səfəri çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Görüşün təfərrüatları açıqlanmır.

"Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə Ermənistana təşəkkür etdim, Ermənistanla demokratik qüvvələrimiz arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidimi bildirdim", - Tixanovskaya X-dəki mikrobloqunda yazıb.

14 iyun

'Politico' Belarusun Azərbaycana silah tədarükündən bəhs edir

Bakı Yerevanla müharibədə eskalasiyadan əvvəl Minskdən dronlar, artilleriya və radio-elektron mübarizə (REM) üçün yeni avadanlıqlar alıb.

"Politico" bunun məxfi sənədlərdə aşkar olunduğunu bildirir. Belarus və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxildir.

"Politico" ondan çox məxfi məktub, diplomatik notlar, veksellər və ixrac pasportlarına istinadla yazır ki, Belarus Azərbaycana qabaqcıl silahlar verib.

Nəşrin məlumatına görə, 2018-ci ildən 2022-ci ilə qədər Minskdən Azərbaycan ordusuna yardım göstərilib. Xidmətlərə köhnə artilleriya avadanlıqlarının modernləşdirilməsi, REM və pilotsuz sistemlər üçün istifadə olunan yeni texnikanın tədarükünün daxil edildiyi bildirilir.

Araşdırılan sənədlər arasında Belarus Dövlət Silah İxracı Agentliyinin öz hərbi-sənaye firmalarına Bakı üçün müasir artilleriya avadanlıqlarının sifarişi ilə bağlı məktubları, habelə iki dövlət arasında Azərbaycan ordusuna "Qroza-S" pilotsuz uçuş aparatları ilə mübarizə stansiyalarının alınması ilə bağlı yazışmalar daxildir.

"Politico"nun əldə etdiyi sənədlərdən birində bildirilir ki, Belarus müəssisələri "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin geri qaytarılmasında", həmçinin, Belarus mal və xidmətlərinin bu ölkəyə ixracında fəal rol oynayır.

Məqalədə bildirilir ki, kağız üzərində Aleksandr Lukaşenko Ermənistanın müttəfiqi olsa da, o, əvvəllər Azərbaycan prezidenti İlham Əliyevi "bizim adamımız" adlandırıb və KTMT-nin ona qarşı çıxmasının "səhv" olacağını deyib.

Əliyev isə, öz növbəsində, 2022-ci ildə bəyan edib ki, "KTMT-də dostumuz Ermənistanınkından daha çoxdur ".

Ekspertlərin fikrincə, Moskvanın ən yaxın müttəfiqlərindən biri olan Belarus Kremlin üstüörtülü dəstəyi olmadan hərəkət edə bilməzdi.

Buna da bax: Paşinyan sərhədin delimitasiyasında referendumu istisna etmir
13 iyun

Kreml Ermənistanın KTMT-də qalacağına ümid edir

Rusiya Ermənistanın hələ də onun müttəfiqi olaraq qalacağına ümid edir.

Bunu iyunun 13-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə dair bugünlərdə verdiyi bəyanatları şərh edərkən deyib: "Biz erməni dostlarımızla işləməkdə davam edəcəyik. Biz mövqeyimizə aydınlıq gətirəcəyik. Əlbəttə, ümid edirik ki, bütün hallarda partnyorluq və müttəfiqliyimizə sadiq qalacağıq".

Paşinyanın KTMT bəyanatlarına Rusiya XİN də münasibət bildirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanı KTMT üzvlüyü ilə bağlı "sonsuz" deyinməni dayandırmağa çağırıb: "Biz milyon dəfə demişik ki, KTMT hər bir kəsin könüllü qoşulduğu strukturdur. Burada iştirakçı ölkələrə təzyiq göstərilməsi üçün komanda və ya inzibati sistem yoxdur. Burada qarşılıqlı hörmətli dialoq var. Burda heç kim heç kimi güclə tutub saxlamayıb".

***

Ermənistanın Belarusdakı, Belarusun Ermənistandakı səfirləri məsləhətləşmələr üçün geri çağırılıb.

Aleksandr Lukaşenko və Nikol Paşinyan

Paşinyan bir daha Belarusa getməyəcəyini bildirib

Ermənistan baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə mürəkkəb münasibətlərindən danışan bu ölkənin baş naziri Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb.

"KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?", - deyən Paşinyan, bununla belə, Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təmasları istisna etməyib.

"Bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, Belarusda prezident Aleksandr Lukaşenkodur. Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək", - Paşinyan vurğulayıb.

O bildirib ki, KTMT çərçivəsində münasibətlərdə "məsələn, Belarus özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul qaydada üzrxahlıq etsə, nəzəri olaraq dəyişiklikləri istisna etmək olmaz".

Paşinyanın KTMT ilə bağlı sözlərinin səhv anlaşıldığı bildirilir

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı sözləri səhv anlaşılıb. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, o yanılır", - Mirzoyan Milli Assambleyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Paşinyan bildirib ki, Yerevan təşkilatdan nə vaxt çıxacağına qərar verəcək və sonra geri qayıtmayacaq: "Bu deyilib, nə az, nə çox".

Söhbət Paşinyanın iyunun 12-də parlamentdə hökumət saatı zamanı KTMT ilə bağlı dediyi sözlərdən gedir. "Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Bəs sizcə, növbəti addım nə olmalıdır?", - baş nazir bildirib.

O, KTMT-ni "köpük ittifaqı" adlandırıb. Deyib ki, onun üzvləri Azərbaycanla birlikdə Ermənistana qarşı müharibə planlaşdırıb.

Paşinyan onu da əlavə edib ki, Yerevan təşkilatdan çıxanda geri qayıtmayacaq: "Başqa yol yoxdur".

5 iyun

Yerevan Moskva ilə təmaslardan qaçır

"Ermənistan xarici işlər və müdafiə nazirlikləri xətti ilə Rusiya ilə təmaslara maraq göstərmir. Bu da Qərbin təzyiqinin nəticəsidir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə nazirlikləri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu Yerevanı ölkəmiz ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərbçilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

Bununla belə, o, ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyəti problemli məqamların aradan qaldırılması istiqamətində işləmək barədə açıq səsləndirdiyi niyyətini əməldə sübut edəcək: "Biz buna hazırıq".

Eyni zamanda, M.Qaluzin Moskva ilə Yerevan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib: "Bu yaxınlarda, mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub. Rusiya hökumətinin sədri Mixail Mişustin fevralda erməni həmkarı ilə görüşüb".

Buna da bax: Paşinyan: 'KTMT bel bağlanası mexanizm deyil'

Paşinyan: 'Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib'

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: "2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı".

Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. "2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq", - o sözlərinə əlavə edib.

Buna da bax: Ermənistan təhlükəsizlik strategiyasının təftişinə başlayıb

Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi son bəyanatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı üzvlərini nəzərdə tutduğuna aydınlıq gətirməyə çağırıb: "Düzünü desəm, mənim üçün Ermənistan Baş nazirinin hansı ölkələrdən danışması maraqlıdır. Bunu biz özümüz təxmin etməliyik, yoxsa sonradan o, hansı ölkələri nəzərdə tutduğunu özü deyəcək? Düşünürəm ki, söhbət belə ciddi bəyanatlardan gedəndə həmin ölkələrin buna münasibət bildirməsi məntiqli olardı".

Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın özünü "atılmış və tərk edilmiş" kimi hiss etməməsi üçün mümkün olanı edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.