Azərbaycan XİN Makron və Paşinyana cavab verib

Emmanuel Makron (sağda) və Nikol Paşinyan

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti Emmanuel Makronun Ermənistan Baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirib. O deyib ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır: "Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük".

Onun vurğulamasına görə, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib. O əlavə edib ki, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur: "O ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?

L.Abdullayeva açıqlamasında sərhəddə delimitasiya və demarkasiya məsələlərinə də toxunub: "Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır... Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də, Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış edilməmişdir".

L.Abdullayeva deyib ki, Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyil. Onun fikrincə, Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir: "Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır...".

Paşinyan Makronla görüşüb

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyunun 1-də Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla görüşüb.

Yelisey sarayında media təmsilçiləri qarşısında çıxış edən Paşinyan Makronu payızda Yerevana dəvət edib. O, iki ölkənin xüsusi münasibətləri olduğunu, Ermənistanın daima Fransanın və Prezident Makronun şəxsi dəstəyini hiss etdiyini vurğulayıb.

Buna da bax: ‘Zəngəzur’ sözü dəhliz məsələsində problem yaradır?

Makronun çağırışı

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna böyük əhəmiyyət veririk, həmsədrlərin Dağlıq Qarabağ probleminin, regiondakı böhranların həllində rolu çox vacibdir. Çox şadam ki, müharibə bitəndən sonra həmsədrlər üç bəyanat verərək Dağlıq Qarabağın həlli üzrə danışıqları bərpa etməyə hazır olduqlarını vurğulayıblar”, – deyən Paşinyan görüşdə bu fürsətləri müzakirə edəcəklərini bildirib.

Makronla Paşinyan üzbəüz işçi nahar edəcəklər. Səfər zamanı Paşinyan Fransa Milli Assambleyasının Prezidenti Riçard Ferran ilə də görüşüb. Onun yerli erməni icmasının təmsilçiləri ilə görüşü planlaşdırılır.

Makron isə çıxışında Paşinyanın Paris səfərini “hazırda təhlükəsizlik böhranı yaşayan” Ermənistan üçün çox vacib məqam adlandırıb. O, Azərbaycanla Ermənistan arasında demarkasiya xəttinin yalnız dialoq yoluyla müəyyənləşdirilməli olduğunu vurğulayıb.

“Azərbaycan qüvvələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdırlar, onları 11 may mövqeyinə çəkilməyə çağırıram”, – Makron vurğulayıb.

Buna da bax: Paşinyan Ayvazanın istefa izahatına izahat istəyir

Xatırlatma

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını desə də, Minsk qrupu həmsədrləri bəyanatlarında münaqişənin həllində vasitəçiliyi davam etdirməyə hazır olduqlarını deyiblər.

Azərbaycan-Ermənistan sərhədində mayın ortasından yaranmış gərginliklə bağlı Makron Facebook-da ermənicə tvitində Azərbaycandan əsgərlərini Ermənistanla sərhəd ərazilərindən çıxarmağa çağırıb.

Ermənistan Azərbaycanı onun ərazisinə girməkdə suçlasa da, Azərbaycan sərhəddə mövqelərini tutduğunu bildirir.

Fransanın Ermənistana dəstəyi isə Azərbaycanda ictimai təpkiyə səbəb olub.