Avropa Parlamenti yekdilliklə qəbul etdiyi qətnamədə Avropa Birliyi rəsmilərini 2022-ci il Pekin Qış Olimpiadasını boykot etməyə çağırır və səbəb kimi Çində insan haqları pozuntuları göstərilir.
Hüquqi qüvvəsi olmayan qətnaməni bütün siyasi fraksiyalardan olan deputatlar iyulun 8-də qəbul edib. 578 nəfər lehinə, 29 nəfər əleyhinə səs verib, 73 nəfər bitərəf qalıb.
Qətnamə AB qurumları və üzv ölkələri Pekin olimpiadasında iştirakla bağlı hökumət təmsilçiləri və diplomatların adlarına gəlmiş dəvətnamələri rədd etməyə çağırır. Çinin Honq Konq, Sintzyan uyğur regionu, Tibet, İçəri Monqolustan və başqa yerlərdə insan haqları sahəsində yaxşılaşma göstərməsi iştirak üçün vacib şərt kimi göstərilir.
Belçika parlamenti də ayrıca qətnaməsində Çində etnik uyğurlar və əsasən müsəlman azlıqlara “ciddi soyqırımı riski”ndən söz açır.
Daha öncə ABŞ administrasiyası, Britaniya, Kanada və Niderland daxil bəzi Qərb ölkələri oxşar bəyanatlar vermişdilər.
İnsan haqları qrupları Çində azı bir milyon uyğurun və digər müsəlman azlığın həbs düşərgələrində saxlandığını bildirir. Qadınların zorla qısırlaşdırıldığı, insanların əməyə məcbur edildikləri vurğulanır.
Pekin isə ittihamları rədd edərək Sintzyan siyasətini daxili məsələ adlandırır, ekstremizmlə mübarizədə gərəkdiyini deyir.