Pentaqon Putini 'azğınlıq' və 'qəddarlıqda' ittiham edir

Putin

Con Kirbi hesab edir ki, Ukraynada baş verənlərə əxlaqlı bir insanın, tədbirli və yetkin bir liderin haqq qazandıra biləcəyini düşünmək çətindir

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi aprelin 29-da keçirdiyi brifinqdə Vladimir Putinin Ukrayna ilə bağlı siyasəti haqqında kəskin danışıb.

Xüsusilə, o, Rusiyanın ABŞ və Qərb ölkələrinin təhdidləri, habelə Ukraynadakı nasistlərlə bağlı bəyanatlarını “qəribə” və “absurd” adlandırıb.

Buna da bax: Mariupolda son vəziyyət

Kirbi hesab edir ki, bu vəziyyətdə Rusiyanın özü təcavüzkardır.

“Bu ritorikanı onun (Vladimir Putinin) əslində Ukraynada etdikləri ilə uzlaşdırmaq çətindir: günahsız insanlar başının arxasından güllələnir, əlləri arxadan bağlanır, hamilə qadınlar öldürülür, xəstəxanalar bombalanır. “Demək istəyirəm ki, bu, sadəcə olaraq həyasızlıqdır”.

Kirbi Putini “azğınlıq” və “qəddarlıq”da günahlandıraraq, əlavə edib ki, onun üçün Ukraynada baş verən hadisələrə nəzər salmaq və əxlaqlı bir insanın və tədbirli, yetkin bir liderin buna haqq qazandıra biləcəyini düşünmək çətindir.

“Mən onun psixologiyası haqqında danışa bilmərəm, amma düşünürəm ki, hamımız onun pozulmasından danışa bilərik”, - Con Kirbi bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun Rusiyaya qarşı bəyanatlarını “Ukrayna hakimiyyətinin ədəbsiz yalanlarına” əsaslanaraq “təhqiredici” və “qəbuledilməz” adlandırıb.

Antonovun sözlərinə görə, ABŞ Kiyev rejiminin cinayətlərini hiss etmir.

Buna da bax: Polşa Ukraynaya 200-dən çox T-72 tankı verib

2022-ci ilin martında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının bu cür ritorikasını qəbuledilməz və bağışlanmaz” adlandırıb.

Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisinə soxulub və hələ də müharibə davam edir. Amma rəsmi Moskva Rusiya ordusunun Ukraynaya hərbi təcavüzünü müharibə deyil, "xüsusi əməliyyat" adlandırır. Ölkədə bunun əksin deyənlərə qarşı isə cinayət işi açılır.