Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün gündəlik brifinqində deyib ki, ona Çeçenistanın başçısı Ramzan Kadırovun oğlu Adamın Quranı yandırmış dustağı döyməsini görüntüləyən video barədə sual verilməsini istəmir.
Interfax agentliyinin yazdığına görə Peskov bu barədə heç bir şərh verməyəcəyini dərhal dqqətə çatdırıb. Ondan bunun “niyəsini” soruşanda, qısaca “istəmirəm” deyib.
Hüqqu-mühafizə orqanları susur
AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu video ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbərləri – daxili işlər naziri Vladimir Kolokoltsev, baş prokuror İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və federal Penitensiar xidmətin başçısı Aleksandr Kalaşnikov da heç bir şərh verməyiblər.
Bu video yayılandan bəri Rusiyanın dövlət orqanlarının heç birindən bu məsələ ilə bağlı hər hansı şərh səslənməyib.
Putinin sentyabrın 26-da dərc olunmuş fərmanları ilə Bastrıkin və Krasnovun maaşları 5.5 faiz artırılıb. Putin öz maaşını da yüksəldib.
Buna da bax: Çeçenistan lideri Kadırovun yeniyetmə oğulları niyə diqqət mərkəzindədir?Ramzan Kadırov nə deyir
Kadırovun 15 yaşlı oğlunun şübhəli şəxs qismində saxlanan Nikita Juraveli təcridxanada döyməsini görüntüləyən video sentyabrın 25-də yayılıb.
Juravelin özü hələ avqustun ortalarında döyüldüyünü bildirmişdi. Bunu Çeçenistan məmurları da təsdiq etmiş, Kadırovun oğlunun hərəkətinə haqq qazandırmışdılar.
İnsan haqları şurasının üzvü Yeva Merkaçova bildirmişdi ki, bu videonun yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərəcək.
Amma Ramzan Kadırovun özü teleaparıcı Kseniya Sobçakla söhbətində demişdi ki, əgər məhkəmə onun oğlunun qanunu pozduğunu təsdiqləyərsə, Adam Kadırov qanunun bütün sərtliyi ilə cavab verməli olacaq.
Bununla belə Juravelin döyülməsi faktı ilə bağlı heç bir cinayət işi qaldırılmayıb.