Bakının Pirşağı qəsəbəsinin sakini Rəşad Dadaşov yaşadığı qəzanı AzadlıqRadiosu-na danışıb.
Deyir ki, oktyabrın 22-də onu bir şirkət avtomobili vurub. Bu avtomobil ərzaq dükanlarına sərin içkilər daşıyırmış. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, tezliklə kimliyi üzə çıxıb.
Buna da bax: 'Döydülər, ayağımı sındırdılar, sonra da şöbəyə apardılar'
“Hadisədən 14 gün sonra ekspertizaya göndərilmişəm”
Rəşad Dadaşov həmin sürücünün ailə üzvləri tərəfindən hədələndiyini və müstəntiqin işi uzatdığını iddia edir:
“Təkcə onu bilirəm ki, məni vuran sürücünün adı Seymurdur və o, iri şirkətlərdən birində işləyir. O gün qonşuların köməyi ilə xəstəxanaya götürüldüm. Qolum gipsə qoyuldu. Ardından Sabunçu rayon Polis İdarəsinə çağrıldım və orada izahatım alındı. Bir neçə gündən sonra müstəntiqə zəng vuraraq, 3-cü qrup əlil olduğunu və əziyyət çəkdiyimi söylədim. Təbii ki, işimə düzgün baxılmasını istədim. Müstəntiq qulaq asdı, heç nə deməyib, telefonu qapatdı. Məni vuran adamla bağlı hansı tədbir görüldüyünü dəfələrlə soruşsam da, məlumat ala bilməmişəm. Dəfələrlə tələb edəndən və hadisədən 14 gün ötəndən sonra ekspertizaya göndərilmişəm”.
Buna da bax: 'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'
“BMW-yə minib uzaqlaşdılar”
Rəşad Dadaşovun sözlərinə görə, sürücü və başqa dörd nəfər birləşərək, xəstəxanada və yaşadığı ünvanda onu və anasını döymək istəyiblər:
“Hadisədən bir ay sonra qolumdakı gipsi açdırmaq üçün xəstəxanaya getdim. O da dostları ilə gəlmişdi. Anamı da, məni də təhqir edib, yaxamdan yapışdılar ki, döysünlər. Anam və oradakı adamlar məni əllərindən aldı. Baş verənlər barədə həm “DİN-102” xidmətinə, həm də müstəntiqə məlumat versəm də, tədbir görülmədi. Dekabrın 1-də qapımıza gələrək, anama, mənə şillə, təpik, yumruq atdılar. Dekabrın 5-də - prokurorluqda ərizə yazıb çıxarkən, tanımadığım iki nəfər yaxınlaşıb qoluma girdi və onlarla polis şöbəsinə getməyimi tələb etdi. Mən səs-küy salıb “102”yə zəng edəndə “BMW”yə minib uzaqlaşdılar. Özüm xəstə adamam, iynə-dərmanla yaşayıram. İndi də bu işlərə görə həyatım üçün qorxur, dərdimi kimə deyəcəyimi bilmirəm”.
Buna da bax: Əlilin mərc oyunlarına görə həbsiylə iş bitmədi
“Hadisəyə hüquqi qiyməti məhkəmə verəcək”
Rəşad Dadaşovun əsas şikayəti qəza törədən sürücünün cəzasız qalmasından və az qala, 2 aydır davam edən istintaqın başa çatdırılmamasındandır.
Sabunçu rayon Polis İdarəsindən “Qaynar xətt”ə bildirilib ki, Rəşad Dadaşovun 2 ay ərzində qarşı tərəflə bağlı şikayətlərinin hamısı araşdırılıb və heç biri təsdiqini tapmayıb: “O iş bu ayın əvvəli yekunlaşıb, Sabunçu rayon Məhkəməsinə göndərilib. Hadisəyə hüquqi qiyməti də məhkəmə verəcək. Başqa məlumatları məhkəmədən gələcəkdə ala bilərsiniz”.