xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun 15 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra cərimə otağına (kars) salındığı bildirilir.
Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova məlumat verib.
G.Aslanovanın sözlərinə görə, Penitensiar Xidmətdən bunu həyat yoldaşının aclıq aksiyası keçirdiyi üçün təcrid vəziyyətdə olması zəruriyyəti ilə izah ediblər. Onun iddiasına görə, amma Xidmətdən vurğulanıb ki, sanitar hissəsində yerin olmadığından belə bir tədbir görülüb.
G.Aslanova isə düşünür ki, P.Aslanovu aclıq aksiyası keçirdiyinə görə cəzalandırırlar.
O, həmçinin qeyd edib ki, noyabrın 6-da səhər ərinin vəziyyətini öyrənmək üçün cəzaçəkmə müəssisəsinə getsə də, onunla görüşə icazə verilməyib.
P.Aslanovun noyabrın 4-dən siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyi bildirilir. Yaxınlarının sözlərinə görə, bundan sonra o, 1 saylı Cəzaçəkmə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
P.Aslanov 2019-cu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilərək 16 il azadlıqdan məhrum edilib.
Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.