"Lerikdən gəlib, burada yaşayıb, polisdə qeydiyyata düşmüşdüm. İndi qeydiyyatdan çıxarıblar, məhkəməyə vermişik. Aprelin 2-si inzibati məhkəmədə bəlli olacaq, havada qalıram, yoxsa yox", – bu sözləri Əli Məmməd AzadlıqRadiosuna bildirib.
Əli Məmməd 20 ildən çoxdur ki, Bakıda yaşayır və mənzili sənədsiz olduğundan yerli polis idarəsində qeydiyyata düşmüşdü. Əli 10 gün əvvəl qeydiyyatda olduğu idarədən çıxarıldığını öyrənir və hazırda məhkəməsinə hazırlaşır.
"Poliklinikada xəstəliyimlə bağlı bülleten açdıranda problemlə rastlaşdım. Məsələnin detallarını soruşanda "adınız yoxdur" deyildi. Sonra da bildirildi ki, müvəqqəti yaşayış yeriniz ləğv olunub. Nizami Rayon Polis İdarəsindən bizə dedilər ki, onlarda müvəqqəti yaşayış qeydiyyatında olan şəxslərin hamısının qeydiyyatı ləğv olunub. Daha sonra qardaşım bir vəkil tapdı, vəziyyəti danışdıq", – Məmməd bildirir.
"Yağışdan çıxıb, yağmura düşmək məsələsi kimi, polisdən çıxıb, məhkəməyə düşdüm", – deyən Əli Məmməd şəxsiyyət vəsiqəsinin də hazırda yararsız hesab edildiyini vurğulayır.
"Hazırda havada qalmışıq, harada sənəd tələb edirlər, göstəririk, adımız çıxmır. Heç olmasa, müvəqqəti problem kimi həll olunardı, sonra evin sənədləşmə məsələsinin üstünə düşərdik", – deyə gileylənir.
Buna da bax: Qeydiyyat ünvanında yaşamayanlar niyə indi yada düşür?Hər 10 nəfərdən 4-ü
Sənədsiz evlərin çoxluq təşkil etdiyi ərazilərdən biri, paytaxtın Xəzər rayonu sakinləri də oxşar problem ilə rastlaşıb. İlqar Abdullayev üç il əvvəl qeydiyyatda olmadığı üçün cərimələndikdən bir qədər sonra yerli polis idarəsində qeydiyyata düşüb. Lakin bir həftə əvvəl polis əməkdaşları ona qeydiyyatdan çıxarıldığını bildirib: "Ailə vəziyyəti haqda məlumatı dəyişmək üçün ASAN Xidmətə yaxınlaşanda vəziyyətdən agah oldum. Sonra gəlib qonşularla danışanda bilmişəm ki, mənim kimi adam çoxdur. Hər 10 evdən 4-ü qeydiyyatsız olduğu kimi, hər 10 qonşudan 4 nəfəri də polisdə qeydiyyatdan çıxarılıb. İndi yığışıb məhkəməyə müraciət etmək istəyirik. Bir qonşu məhkəmə ilə problemini yoluna qoyub, sənədsiz evinə sənəd alana kimi yenidən polis üzərində qeydiyyatda qalacaq".
Abdullayevin sözlərinə görə, tanışlarının heç birinin evinin rəsmi sənədi olmadığından onların mülkündə də qeydiyyata düşə bilməyib.
Ev sahibləri də narazıdır
Daxili miqrasiya nəticəsində paytaxtda kirayə mənzillərə tələbat olsa da, insanların müəyyən qismi qeydiyyata düşə bilmir. Mənzilini kirayə verən Sehran Qasımov deyir ki, evində qalmaq istəyən şəxsi qeydiyyata salmaq istəyir, lakin evin sənədsiz olması ona süni əngəl yaradır.
"Nə kirayə verdiyim, nə də qaldığım evə sənəd ala bilirəm. Özüm də bu işi məhkəməyə vermişəm, 23 ildir yaşadığım, kommunal xidmətləri üçün ödəniş etdiyim mənzilə özümü, ailəmi qeydiyyata sala bilmirəm. Bir ildən çox məni süründürdülər, indi məcburi məhkəməyə vermişəm. Əgər evlərimə sənəd ala bilsəm, kirayənişini də qeydiyyata salıb başını cərimədən xilas edərəm. Amma o qədər bürokratik əngəllər yaradırlar ki, adam bilmir nə etsin", – Qasımov bildirir.
Buna da bax: Evlərin sənədləşdirilməsinə kim mane olur. Cərimələnənlər var22 ildən sonra dayandırılan proses
1997-ci il yanvarın 1-dən qüvvəyə minmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna görə, yaşayış yerini dəyişən şəxs yeni ünvanında qeydiyyata düşməlidir, əks halda, 30 manat cərimələnə bilər. 2000-ci illərin əvvəllərindən isə yaşayış yeri olmayanlar, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılanlar, sənədi olmayan evlərdə yaşayan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdı. 2022-ci ilin sonunda qeydiyyatda olmayanların intensiv cərimələnməsindən az sonra polisdə qeydiyyata düşmək prosesi dayandırıldı.
Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, prosesin dayandırılma səbəbi pərakəndəliyi aradan qaldırmaqdır. Məlumata görə, 2000-ci ildən polisdə qeydiyyatda olan şəxslərin çoxu sonradan sənədli evlərdə yaşasalar da, qeydiyyatdan çıxmaq üçün müraciət etməyiblər. DİN məhz dəqiqləşdirmək üçün polisdə qeydiyyatda olanların faktiki yaşayış yerinin olub-olmamasını araşdırdığını deyir: "Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda, polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır".
Qurum bildirir ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Lakin DİN neçə nəfərin polis qeydiyyatından çıxarıldığını açıqlamır.
Buna da bax: Azərbaycanda qeydiyyat cəriməsi 30 manatdır... Almaniyada 50 min avroSənədləşmə asanlaşdırılıb?
Son üç ayda qeydiyyat məsələsi ilə bağlı məhkəməyə üz tutanların sayında artım var. Bunu AzadlıqRadiosuna hüquqşünas Əsabəli Mustafayev deyir. 10-yə yaxın oxşar müraciət aldığını deyən hüquqşünas onu da qeyd edir ki, polisdə qeydiyyata düşmək ləğv olunmayıb, sadəcə dayandırılıb. Məhkəməyə verib, yenidən polis qeydiyyatına düşənlər var.
"Həmin şəxslərin heç bir mülkü, yaxud da qeydiyyata düşə biləcəyi mənzil yoxdursa, inzibati binada qeydiyyata salına bilər. Prosesini apardığım bir vətəndaş var idi, Avropa Məhkəməsində qalib gəlmişdi və ona gələn təzminatı götürməli idi. Lakin qeydiyyatdan çıxarıldığı üçün vəsiqəsi yararsız hesab edilmişdi, səbəb isə qeydiyyatdan çıxarılması idi. Gedib yaşadığı mənzildə qeydiyyata düşdü, daha sonra da vəsaitini götürdü. Yəni, qeydiyyat məsələsi həll olunan kimi vəsiqəsi işlək olur", – Mustafayev deyir. O, polisə təkrar qeydiyyata düşmə proseslərinin əksər hallarda vətəndaşın xeyrinə başa çatdığını əlavə edir.
Hüquqşünas polis qeydiyyatından çıxarılanların sayının açıqlanmamasını bəzi şəxslərin polis idarəsində deyil, müvafiq yataqxanalarda qeydiyyata düşməsi ilə izah edir. O, evlərin sənədləşməsi ilə bağlı tələblərin yumşaldığını da qeyd edir: "Xüsusi problem, iddia olmayan evlərin, torpaqların sənədləşməsi asanlaşdırılıb, son zamanlarda bir çox daşınmaz əmlaklar da sənədləşib. Məndə olan məlumata görə, parlament və Nazirlər Kabinetində müzakirələr gedir, dəyişiklik gözlənilir. Əgər yeni qanun, yaxud qanuna dəyişiklik olarsa, sənədsiz ev problemi minimuma enəcək və nəticədə qeydiyyatla bağlı problem yaşayanlar da nəzərəçarpacaq qədər azalacaq".
Qanunvericilik, yoxsa... ümid məhkəməyə qalır
Parlament üzvü Asim Mollazadə də AzadlıqRadiosuna müsahibəsində həm sənədsiz evlər, həm də polisdə qeydiyyatdan çıxarmaq məsələsinin həlli üçün müvafiq qanunvericiliyin hazırlanmasının vacibliyini vurğulayıb. Ancaq hansısa layihənin hazırlanma mərhələsində olub-olmaması haqda detallı informasiya açıqlamır.
Əli Məmməd isə indilik ümidini məhkəmə qərarına bağlayıb. Deyir, bəlkə, müvəqqəti də olsa, yenidən polis idarəsinə qeydiyyata düşə bilər: "Vəkil bizim eyni problem ilə müraciət edən 22-ci adam olduğumuzu demişdi, bizdən əvvəl üç nəfərin də lehinə qərar çıxmışdı. İndi məhkəmədən ədalətli qərar gözləyirik".