İşlədiyi idarədən xidməti silahı oğurlamaqda ittiham olunan Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyevə 5 il 6 ay həbs cəzası kəsilib.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Sabiq polis işlədiyi idarənin növbətçi hissəsində saxlanılan "Zəfər K" tapançalarından birini oğurlamağa görə CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı talama) maddələrilə təqsirli bilinib.
Allahverdiyevlə yanaşı, Sabunçu RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev də cəzalandırılıb.
İddia olunur ki, Allahverdiyev silahı götürəndən sonra gizlətməkdən ötrü onu Mustafayevə verib, onların bağ evində gizlədib.
Mustafayev qanunsuz silah saxlama və cinayəti bilib xəbər verməməkdə suçlu sayılıb.
Amma o, özünü təqsirli bilmir. Martın 11-də hökmdən əvvəl son sözündə də təqsirsiz olduğunu deyib və bəraət hökmü çıxarılmasını istəyib. Lakin məhkəmə fərqli nəticəyə gəlib və o, 3 il 6 ay azadlıqdan məhrum edilib.
Allahverdiyev məhkəməyə ifadəsində deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib.
Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu xəbərsiz idi, ona bu haqda heç nə deməmişdi.