Sapeqanın vəkili Anton Qaşinski “Current Time TV”yə deyib ki, müvəkkilinin valideynlərinin iyunun 24-də qızları ilə görüşməsindən xəbəri var.
“Dünən (24 iyun) Sofiyanın valideynləri onunla görüşüblər. Görüş restoranda, nəzarətçilərin iştirakıyla baş tutub, çünki ev dustaqlığı nəzarətçilərin iştirakını nəzərdə tutur”, – Qaşinski deyib.
Qaşinskinin sözlərinə görə, o, Sapeqanın ev dustaqlığına köçürülməsinin ötən ay Rusiya Prezidenti Vladimir Putinin belaruslu həmkarı Alyaksandr Lukaşenka ilə Soçidəki görüşüylə bağlı olmasına inanır.
***
Həbsdə olan jurnalist Raman Prataseviç və sevgilisi Sofiya Sapeqanın valideynlərinin sözlərinə görə, onlar həbsxanadan çıxarılaraq ev dustağı ediliblər.
Buna da bax: Belarusa iqtisadi sanksiyalar açıqlanır
“Hansısa siyasi oyun ola bilər”
Prataseviçin Polşada yaşayan atası Dmitri iyunun 25-də BBC-yə deyib ki, Belarus hakimiyyətinin niyə belə addım atdığını anlamır, bunun “hansısa siyasi oyun ola biləcəyini” düşünür.
“Vəkil bir söz demir, hakimiyyət bir söz demir”, – Prataseviç söyləyib.
“Məhdudiyyət dəyişdirilsə, bu, onların yaşam şəraitinin yaxşılaşması deməkdir. Əks halda, sonra nə baş verəcəyi bəlli deyil”, – o deyib.
Sapeqanın atalığı da qızının ev dustağı edildiyini, Minskdə kiçik mənzildə tək yaşadığını təsdiqləyib. “Biz şokdayıq”, – Sergey Dudiç BBC-yə bildirib.
Buna da bax: Qərb Lukaşenkanın nazirlərindən tutmuş gəlininə qədər sərt sanksiyalar elan edir
Sanksiyalar
Mayın 23-də Belarus hakimiyyəti Ryanair təyyarəsini qırıcının müşayiətilə zorla Minskə endirib. Bir çox ölkələr bunu “dövlət səviyyəsində təyyarə qaçırma” adlandırır. Təyyarə endiriləndən sonra güc strukturları müxalif bloger Prataseviçi və onun rusiyalı sevgilisi Sapeqanı həbs ediblər.
Avropa Birliyi insidentə cavab olaraq iyunun 24-də Belarus iqtisadiyyatının əsas sektorlarına, avtoritar lider Alyaksandr Lukaşenka rejiminin böyük gəlir mənbələrinə sanksiyalar açıqlayıb. Buraya potaş gübrələrinin ixracı, tütün sənayesi, neft və neft-kimya məhsulları daxildir.
Buna da bax: Ryanair rəhbəri hava məkanını ‘siyasiləşdirməyə’ qarşıdır
Ötən ilin avqustunda mübahisəli prezident seçkisindən sonra etirazlara divan tutulması Lukaşenka rejiminə beynəlxalq təzyiqi artırıb.
Etirazçılar seçkinin saxtalaşdırıldığını deyir. AB, Birləşmiş Ştatlar, digər ölkələr seçkinin rəsmi nəticələrini, Lukaşenkanı prezident kimi tanımır.