İlham Əliyev müddətsiz prezidentliyi belə əsaslandırır (İnfoqrafika)

Arxiv fotosu: Prezident İlham Əliyev AŞPA-da çıxış edərkən. Strasburq, 24 iyun 2014

.

(AzadlıqRadiosunun arxivindən: Bu araşdırmanı 2009-cu il fevralın 3-də - Azərbaycan Konstitusiyasına dəyişikliyə dair referendumdan bir ay öncə hazırlamışdıq. O zaman bir nəfərin dalbadal 2 dəfədən çox prezident seçilməsi məhdudiyyətin aradan qaldırılması barədə tənqidlərə cavabında prezident İlham Əliyev hətta Avropa Birliyi ölkələrində də heç kəsə belə məhdudiyyət qoyulmadığını demişdi. Bundan sonra Avropa Birliyi ölkələrinin Konstitusiyalarında araşdırma apararaq aşağıdakı məqamları üzə çıxarmışdıq.)

Siz Avropa Birliyinin üzvü olan elə bir ölkə tapa bilməzsiniz ki, onun liderini xalqın istədiyi qədər seçməsinə məhdudiyyət qoyulur. Eyni işi biz də Azərbaycanda edirik.


Prezident İlham Əliyevin «Reuters» agentliyinə müsahibəsindən (30 yanvar 2009)

Avropa Birliyinin 27 ölkəsinin demək olar ki, hamısının Kostitusiyasına nəzər yetirdik. Bu ölkələrdən 20-si respublika quruluşludur. Bu 20 ölkənin 17-nin Konstitusiyasında açıq-aydın qeyd olunub ki, heç kəs dalbadal iki dəfədən artıq prezident seçilə bilməz.

Prezidentin iki dəfədən artıq seçilməsinə Qərbi Avropa ölkələrində - Fransa, İrlandiya kimi dövlətlərdə də məhdidiyyət var, Şərqi Avropda - yeni müstəqillik qazanmış və Avropa Birliyinin üzvü olan Çexiya, Macarıstan, Rumıniya, Polşa və s. ölkələrdə də.​

Prezidentlik müddəti müxtəlif ölkələrdə 4 ildən 7 ilə qədər dəyişir. Amma Avropa Birliyinin 17 ölkəsinin Konstitusiyasında qətiyyətlə yazılıb ki, heç kimə dalbadal iki dəfədən artıq prezident seçilməyə imkan verilmir.

Xalqın onu üçüncü və ya ömürlük prezident görmək istəməsi barədə Konstitusiyalarda bir şey yazılmır.


Avropa Birliyinin üzvü olan və respublika quruluşlu yalnız üç ölkənin Konstitusiyasında prezidentin seçilməsinə məhdudiyyətə rast gəlinmədi. Bunlar İtaliya, Malta və Kiprdir.

___________________________________________________________

Refrendumla bağlı bunlara da nəzər sal:

«Qarabağ» kinoteatrında «Xalq kral istəmir!»

Konstitusiyadan nələr çıxarılır, nələr artırılır?

Avropada prezidentliyə məhdudiyyət varmı?

AŞ Konqresinin rəsmisi hökuməti xartiyaya hörmət etməyə çağırır

Referenduma Qərb baxışının pulunu kim verir?

____________________________________________________________

Birliyin qalan 7 ölkəsində monarxiya quruluşudur. Birləşmiş Krallıq, Belçika, Danimarka, İsveç, İspaniya, Hollandiya və Lüksemburqda dövlətlərin başçıları krallardır. Onlar seçilmirlər. Amma ölkənin siyasi həyatında kralların rolu minimumdur. Onlar yalnız rəmzi olaraq ölkənin təmsilçiləri hesab edilirlər. Dövlətin idarə edilməsində birbaşa rolu hökumətlər və onların rəhbərləri olan Baş nazirlər oynayırlar.

Bu ölkələrdə də hökumətləri parlamentə seçkilərdə çoxluq qazanan siyasi partiyalar formalaşdırırlar. Siyasi partiyaların çoxluğu, siyasi rəqabətin kəskinliyinə görə, Avropa Birliyinin monarxiya quruluşlu ölkələrində də Baş nazirlərin iki dövr üçün deyil, heç bir dövrün sonuna qədər hakimiyyətdə qalması o qədər də asan olmur.

Beləliklə də Avropanın monarxiya rejimlərində də hökumətlər demək olar ki, hər seçkidən-seçkiyə dəyişir.