Ukrayna ordusu ABŞ-ın HIMARS raket sistemlərindən istifadə etməklə döyüş meydanında "əhəmiyyətli uğur" əldə edib.
Bildirilir ki, bunu ABŞ Müdafiə Nazirliyinin-Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi iyulun 1-də jurnalistlərə açıqlamasında deyib.
“Bu, yüksək dəqiqliyə malik, uzaq mənzilli sistem olduğu üçün ukraynalılar diqqətlə seçilmiş hədəflərə sistemli şəkildə dəqiq zərbələr endirməyə qadirdir və bu Rusiya qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldır”, - ABŞ müdafiə rəsmisi bildirib.
Buna da bax: Ukrayna Türkiyədən Rusiya yük gəmisinin saxlanmasını rica edir"Wall Street Journal" son iki həftə ərzində ABŞ-ın Ukraynaya bağışladığı dörd HIMARS qurğusundan ilk istifadə edən bölmənin eksklüziv hesabatını dərc edib.
Donbassda qüvvələr balansını dəyişməyə başladıqlarını deyən Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiya ordusunun İzyumdakı qərargahı da daxil olmaqla, on mühüm hərbi obyektini məhv ediblər.
HİMARS-ı atəşə hazırlamaq 2-3 dəqiqə çəkir, raketlər buraxıldıqdan 20 saniyə sonra sistem potensial cavab zərbəsindən yayınaraq yerindən çıxarılır.
Buna da bax: Pentaqon Ukraynaya 820 milyon dollarlıq yeni yardım elan etdiO da bildirlir ki, hər biri 155 min dollar olan raketlərlə zərbə endirməzdən əvvəl Ukrayna hərbçiləri vurulacaq hədəflərin koordinatlarını dəqiq müəyyən edirlər.
O da vurğulanır ki, hazırda Ukrayna ordusu daha çox Rusiya ordusunun qərargahlarına, silah anbarlarına və kazarmalarına raket zərbələri endirməyə üstünlük verir.
Məlumata görə, Ukrayna daha dörd HIMARS qurğusunu iyulda almalıdır. Almaniya və Böyük Britaniya Ukraynaya üç belə kompleks verməyə hazır olduqlarını bəyan ediblər.
“The New York Times” qəzeti ABŞ hərbi analitiklərinə istinadla yazır ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya altmışdan yüzə qədər təkmil reaktiv yaylım atəşi sistemi lazımdır.
Rusiya bu tip silahların Ukraynaya təhvil verilməsini kəskin tənqid edərək, Rusiya ərazisinə zərbə endirmək üçün reaktiv yaylım atəşindən istifadə ediləcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Buna da bax: Odessaya raket zərbələrindən ölənlərin sayı 21-ə çatıb