Qiyas İbrahimovun təcridxana əməkdaşlarından şikayətinə baxılıb

Kürdəxanı təcridxanası.

Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarını yazandan sonra narkotik suçlaması ilə 10 il həbs cəzası alan Qiyas İbrahimov vəkiliylə yazışmalarını təcridxana əməkdaşlarının açıb oxumasına görə məhkəməyə şikayət etmişdi.

Söhbət Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının əməkdaşlarından gedir.

Aprelin 4-də Suraxanı Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatı fəalının həmin şikayətinə baxılıb.

Buna da bax:​ Qiyas İbrahimovun səhhəti pisləşib

Vəkillə ünsiyyətin konfidensiallığının pozulmasından şikayəti hakim Süleyman Ağayev araşdırır. Məhkəmə barədə AzadlıqRadiosu-na məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, Qiyas İbrahimovun özünü məhkəməyə gətirməyiblər və burada istintaq təcridxanasının əməkdaşları ifadə veriblər.

"Onlar bildirdilər ki, təcridxanada məktubların zərfdə göndərilməsi mümkün deyil və məhbuslara zərf paylanmır. Guya Qiyas da onlara məktubu konvertdə göndərmədiyini deyib”, - Elçin Sadıqovun sözləridir.

O, Qiyas İbrahimov ona çatacaq məktubu bağlı şəkildə təqdim etdiyini vurğulayır: "Həmin məktubsa açılıb və üzərinə rəisin müşayiətedici məktubu qoyularaq mənə göndərilib”.

Buna da bax: Vəkil: 'Narkotikin üstündəki izlər kimə aiddir?'

Vəkil bildirir ki, bu səbəbdən Qiyas İbrahimovun özünün məhkəmədə iştirakı haqda vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb. Buna səbəb kimi hakim bildirib ki, Qiyas İbrahimovun məhkəmədə iştirakının təmin edilməsindən ötrü onun işi Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, oradan icazə alınmalıdır.

Xatırlatma

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanmışdı. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2,904 qram, evinə baxış zamanı da daha 1 kiloqram 150 qram, Qiyas İbrahimovdansa 2,607 qram, yaşadığı mənzildənsə daha 1 kiloqram 10 qram heroin tapılıb.

Buna da bax:​ Gənc fəalın işindən kassasiya şikayəti verilib

Hər iki gənc ittihamı rədd edir və Heydər Əliyevin heykəlinə şüar yazdıqlarına görə narkotiklə şərləndiklərini bildirirlər.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı bu gəncləri "vicdan məhbusu" elan edib.