Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo aeroportu fevralın 28-də səhər bütün uçuşları müvəqqəti dayandırıb. Rusiya mediasında gedən təsdiqlənməmiş məlumatlara görə, ərazidə drona oxşar naməlum obyekt görünüb.
Şəhər hökuməti rəsmi Telegram kanalında aeroportun bağlandığını elan etsə də, səbəb göstərməyib.
Rusiya xəbər agentlikləri yerli vaxtla günorta 12-də uçuşların bərpa olunduğunu xəbər verib.
RIA Novosti xəbər agentliyi şəhərin fövqəladə xidmətlərindəki mənbəyə istinadla aeroport üzərində naməlum obyekt göründüyünü, məkanın bu səbəbdən qapadıldığını yazıb.
Rusiyanın iki onlayn media orqanı isə yazıb ki, təhqiqat üçün iki qırıcı təyyarə göndərilib, ancaq heç nə tapılmayıb. Bu xəbər də təsdiqlənməyib.
“FlightRadar24” vebsaytı bu gün səhər Sankt-Peterburqa uçan bir sıra təyyarələrin geri qayıtdığını, günorta isə artıq uçuşların bərpa olunduğunu göstərib.