Kreml bu ilin sonunadək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşə biləcəklərini istisna etmir.
Dekabrın sonlarında Sankt Peterburqda MDB ölkələrinin ənənəvi qeyri-rəsmi sammiti keçirilməlidir.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə bu tədbirin çərçivəsində Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında görüş mümkündür.
Putinin köməkçisi Yuri Uşakov ötən həftə demişdi ki, bu görüş dekabrın sonunda Sankt Peterburqda keçiriləcək.
Ötən il dekabrın 29-da Peterburqda keçirilən sammitdə İlham Əliyev və Nikol Paşinyan da iştirak etmişdilər.
Buna da bax: Vardanyan: Bakı nəhayət anlamalıdır ki...Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi.
Oktyabrın 31-də isə Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul etmişdilər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilmişdi.