Rusiya mediasında dərc olunmuş xəbərlərə görə iyulun 3-də Astanada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında danışıqlar başa çatıb.
Əliyevin görüşün əvvəlində deyib ki, o Moskva ilə strateji əməkdaşlığın nəticələrindən məmnundur.
O iki ölkə arasında iqtisadi əməkdaşlığın fəal olduğunu və milli valyutalarla hesablaşmaların artdığını vurğulayıb:
"Biz müttəfiqlər kimi artıq iki ildən çoxdur ki, birlikdə işləyirik və bu, nəticələrini verir”.
Putin və Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti əsnasında görüşüblər.
Putin Ərdoğanla da görüşməlidir
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində bir sıra başqa ölkələrinin liderləri ilə ikitərəfli danışıqlar planlaşdırır.
TASS bildirir ki, bu barədə məlumatı Putinin köməkçisi Yuri Uşakov verib.
Uşakovun sözlərinə görə Moskva Astana sammitinə orada iştirak edəcək liderlərlə ikitərəfli təmaslar imkanı kimi baxır.
Uşakov əlavə edib ki, söhbət bir sıra “son dərəcə mühüm ikitərəfli kontaktlardan” gedir.
Xəbərdə deyilir ki, iyulun 3-də protokol tədbirlərindən əvvəl Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla və Monqolustan prezidenti Uxnaagiyn Xürelsüxlə, habelə Çin Xalq Respublikasının sədri Si Tsinpinlə və Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılıb.
Uşakov deyib ki, iyulun 4-də Putinin habelə İran prezidentinin əvəzi Məhəmməd Moxbirlə görüşü ola bilər.
Ümumiyyətlə isə Şanxay Əməkdaşlıq Təşkilatının işində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistanın nümayəndələri, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, MDB-nin və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibləri Sergey Lebedev və İmanqali Tasmaqambetov iştirak edəcəklər.