Rusiya prezidenti Vladimir Putin avqustun 18-də axşam saatlarında Azərbaycana gəlib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, iki gün davam edəcək səfər zamanı müzakirə olunacaq əsas mövzulardan biri “Rusiya-Azərbaycan strateji partnyorluq və müttəfiqliyinin daha da inkişaf etdirilməsi” məsələsi olacaq. Danışıqlar zamanı habelə digər aktual beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir. Kremlin məlumatında vurğulanır ki, səfərin nəticəsi olaraq birgə bəyanat və bir neçə başqa sənədlər imzalanacaq.
Vladimir Putin Azərbaycanda sonuncu dəfə 2018-ci ilin sentyabrında olub. Həmin səfər zamanı o, cüdo üzrə dünya çempionatı yarışlarına tamaşa edib və Rusiya-Azərbaycan regionlararası forumunun IX plenar iclasına qatılıb.
2 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında “… müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb. Sənəddə iki ölkə arasında siyasi, iqtisadı və daha bir çox sahələrdə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilir.
Rusiya prezidentinin Azərbaycana indiki səfəri tamam fərqli geosiyasi şəraitdə baş verir.
Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə nəticə etibarilə Bakının ərazi bütvlüklərini tədricən bərpa etməsi ilə başa çatıb. İki ölkə arasında münaqişə ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ məsələsi üstündə baş verib. 4 il əvvəlki 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsinə üçtərəfli razilaşmaya (Azərbaycan, Rusiya və Ermənistan) əsasən Rusiya sülhməramlı kontingenti yeridilmişdi. Sülhməramlılar Azərbaycanda 2025-ci ilədək qalmalı idilər. Lakin 2023-cü ildə Azərbaycan bir günlük hərbi əməliyyatla Qarabağ üzərində nəzarəti tam bərpa etdi və oradan erməni əhali köç etdi. Bu il isə Rusiya sülhməramlıları Azərbaycanı tərk elədi.
Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də, sülh sazişi imzalanmayıb. Azərbaycan-Ermənistan sərhəddində tez-tez olmasa da ara-sıra atəşksəin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər buna görə bir qayda olaraq bir-birlərini günahlandırırlar. Bir neçə gün öncə də belə məlumatlar yayılmışdı.
Haaqada mənzillənən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukrayna uşaqlarının Rusiyaya qanunsuz deportasiyasına görə 2023-cü ilin martında prezident Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderi verib. Bu isə o deməkdir ki, BCM-in yurisdiksiyasına daxil ölkələr, o cümlədən Ermənistan onları öz ərazisində həbs etmək öhdəliyinə malikdir. Putin Azərbaycanda həbs oluna bilməz, çünki Bakı BCM-nin Roma statutuna qoşulmayıb.