Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.
Bu məlumatı Kremlin mətbuat xidmətinə istinadla TASS dövlət xəbər agentliyi yayıb.
Xəbərdə deyilir ki, səfər zamanı müzakirə olunacaq əsas mövzulardan biri də “Rusiya-Azərbaycan strateji partnyorluq və müttəfiqliyinin daha da inkişaf etdirilməsi” məsələsi olacaq.
Danışıqlar zamanı habelə digər aktual beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Kremlin məlumatında deyilir ki, səfərin nəticəsi olaraq birgə bəyanat və bir neçə başqa sənədlər imzalanacaq.
Putin Azərbaycanda son dəfə 2018-ci ilin sentyabrında olub. Həmin səfər zamanı Putin cüdo üzrə dünya çempionatı yarışlarına tamaşa etmiş və Rusiya-Azərbaycan regionlararası forumunun IX plenar iclasına qatılmışdı.
Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev onu, özünün münasib bildiyi vaxtda Azərbaycana dəvət etmişdi.
Buna da bax: Tokayevin təhlükəsizliklə bağlı Bakıda alqışlanan, Rusiyada tənqid olunan təklifiTamam fərqli geosiyasi şəraitdə
Rusiya prezidentinin Azərbaycana indiki səfəri tamam fərqli geosiyasi şəraitdə baş verir.
Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə nəticə etibarilə Bakının bütün ölkə ərazisi üzərində suverenliyini bərpa etməsi ilə başa çatıb.
Bu müharibə dövründə Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlı kontingenti yeridilmişdi. Sülhməramlılar razılaşmaya görə Azərbaycanda 2025-ci ilədək qalmalı idilər.
Lakin 2023-cü ildə Azərbaycanın hərbi əməliyyatla Qarabağ üzərində nəzarəti ələ almasından sonra sülhməramlılara praktik ehtiyac qalmamışdı. Bu kontingent bu il, vaxtından xeyli əvvəl Azərbaycandan çıxarılıb.
Rusiya son aylarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlardakı fəal mövqeyini itirib. Hazırda ABŞ və Avropa İttifaqı bu danışıqlarda təşəbbüsü ələ almış kimi görünürlər.
Rusiya Qərbi Moskvanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq niyyətində ittiham edir.
Rusiyanın özü də 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı müdaxilə edəndən bəri Qərblə geosiyasi qarşıdurmamadır və sərt sanksiyalarla üzləşir.
Rusiya ordusunun Ukraynanın Donbas regionunda irəlilədiyi bir vaxtda, avqustun 6-da Ukrayna ordusu da Rusiyanın Kursk vilayətinə müdaxilə edərək müəyyən əraziləri nəzarət altına alıb.