Leypsiq Kitab Sərgisindəki Ukrayna panelində avropalı yazıçılar Rusiyanın işğalçı müharibəsi kontekstində güc və gücsüzlük haqda danışıblar.
Almaniya PEN Mərkəzinin vitse-prezidenti Ralf Nestmayer Leypsiq kitab sərgisinə gələrkən yolda vətənindən didərgin düşmüş çox sayda ukraynalı qaçqın görüb. O, sərginin Ukrayna panelini tədbirin ən vacib hadisəsi adlandırıb.
Söz ustası deməyə söz tapmır
Martın 20-də keçirilən paneldə ukraynalı yazıçı Maryana Qaponenko, almaniyalı tarixçi Karl Şlöqel, belaruslu yazıçı Volha Hapeyeva və onun rusiyalı həmkarı Mixail Şişkin "Putinin müharibəsinə yox - ədəbiyyat nəyi dəyişə bilər?" mövzusunda danışıblar.
Buna da bax: Rusiyalı sənət adamlarına qadağaların Putinə... köməyiQaponenko əslən Qara dəniz sahilindəki Odessadandır. O, Vyana və Maynsda yaşayır və hər gün hələ də öz doğma şəhərində yaşayan nənəsi ilə əlaqə saxlayır. 1932-ci ildə doğulmuş nənəsi Rusiyanın işğal etdiyi Donbas bölgəsində boya-başa çatıb.
Qaponenko deyir ki, hətta onun kimi söz ustası belə indiki vəziyyətdə deməyə söz tapmır. O, Ukraynanın qələbəsinə inandığını da söyləyib.
"Tok-şou sirki"
Karl Şlögel də çox iş görülməli olduğunu deyib. Şərqi Avropa sahəsində mütəxəssis olan tarixçi tez-tez Ukraynaya səfər edir. Onun kitab və esseləri, o cümlədən "Decision in Kyiv: Ukrainian Lessons" kitabı Lvov, Odessa, Kiyev, Xarkov və Donetsk kimi şəhərlərdə vəziyyəti təsvir edir. Ancaq o da panelə hazırda baş verən hadisələrin onun təsəvvürü xaricində olduğunu deyib. Şlögel Almaniyada insanların uzun müddət Putinin təbliğatına uyması və bunun nəticəsində onun törətdiyi dəhşətləri qabartmamasından da danışıb. O deyib ki, Almaniyada "Tok-şou sirki"ndən qurtulub iş görmək vaxtı idi.
Buna da bax: Rusiyalı məşhurlar müharibəyə qarşı2014-dən "müharibə" sözünə icazə verilmirdi
Şlögel Polşa, Sloveniya və Çexiya baş nazirlərinin bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskini ziyarət etmək və Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün qatarla Kiyevə getdiyini də vurğulayıb. O, həmçinin Arnold Şvartseneqqerin rus xalqına videomüraciətini də alqışlayıb.
Belaruslu yazıçı, tərcüməçi və dilçi Volha Hapeyeva Aleksandr Lukaşenko rejimindən qurtularaq Münhenə köçüb. O, bir neçə il bundan əvvəl Minskdə tərcüməçi kimi çalışarkən 2014-cü ildə baş verən hadisələri "müharibə" adlandırmağa icazə verilmədiyini görüb. Onun sözlərinə görə, bu diskurs artıq o zamandan bəri manipulyasiya edilir.
1995-ci ildən İsveçrədə yaşayan Mixail Şişkinsə ən çox oxunan rus yazıçılarından biridir. O, həm də 2000-ci ildə "İzmailin alınması" (Взятие Измаила) kitabına görə Rusiya "Booker" mükafatına layiq görülüb.
Buna da bax: İncəsənət adamları və muzeylərin müharibəyə reaksiyasıİki cür rusiyalı
Şişkin hələ də Ukraynada çoxlu dostlarının olduğunu deyir. O öz evinin qapılarını Odessadan olan bir qaçqın ailəsi üçün açıb. O qeyd edib ki, Putinin hələ də ölkəsi daxilində bu qədər çox dəstəyə malik olması təkcə onun apardığı təbliğatla bağlı deyil. "Rusiyada iki cür fərqli insan var: kiçik bir hissə Avropa dəyərlərinə sahibdir. Ancaq əksəriyyət patriarxal düşüncə tərzi ilə yaşayır… Putinin təbliğatı bu uçurumu dərinləşdirib", – o deyib.
"Mən rusam. Bu cinayətlər mənim xalqımın adından törədilir. Mən yalnız ruslar adından Ukraynadan əfv diləyə bilərəm", –Şişkin əlavə edib.
O, alman xalqının da vaxtilə diktaturadan "dağıdıcı məğlubiyyət" sayəsində qurtula bildiyini xatırladıb və buna görə ukraynalıların rusları dağıdıcı məğlubiyyətə uğradacağına ümidini ifadə edib. O bu məğlubiyyətin Putinin sonunu gətirəcəyinə inanır.