Putinlə Əliyev Ermənistan-Azərbaycan sülh sazişinin hazırlanmasını müzakirə ediblər

İlham Əliyev və Vladimir Putin Bakıda danışıqlardan sonra avtomobil sürərkən.

Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, liderlər Rusiya prezidentinin Azərbaycana ötənhəftəki səfərinin uğurlu nəticələrindən məmnunluq bildiriblər. Qeyd ediblər ki, danışıqlar zamanı əldə olunan razılaşmaların ardıcıl gerçəkləşdirilməsi Rusiya-Azərbaycan arasında müttəfiqlik və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək.

Kreml bildirir ki, Cənubi Qafqazda mövcud vəziyyətin fərqli aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması, sərhədin delimitasiya və demarkasiyası, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması müzakirə edilib. Rusiya tərəfi Bakı və Yerevan arasında uyğun qarşılıqlı məqbul qərarların hazırlanmasına mümkün töhfəni verməyə hazır olduğunu vurğulayıb.

+++

Azərbaycan Prezidenti Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycanın Qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər həmin yolun Ermənistanın Sünik bölgəsindən keçməsini nəzərdə tutur. Rusiya orada yola onun nəzarət etməsini istəyir, amma Ermənistan buna qarşıdır. Ermənistan hökumətinin fikrincə, bu yol onun suverenliyinə xələl gətirməməlidir.

+++

Rusiya prezidenti avqustun 18-19-da Bakıda səfərdə olub. O, səfər zamanı demişdi ki, Ermənistan və Azərbaycana sülh müqaviləsinin imzalanmasında, sərhədin delimitasiyasında kömək göstərə bilər. Sonradan Putin avqustun 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində oxşar fikirlər səsləndirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa edib. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər həm Rusiya, həm də Qərbin vasitəçiliyi ilə sülh danışıqları aparılıb.