Prezident Vladimir Putin fevralın 22-də Moskvanın Lujniki stadionunda keçirilən böyük mitinq-konsertdə çıxış edib.
Tədbir hər il fevralın 23-də qeyd olunan “Vətənin müdafiəçisi günü”nə həsr olunmuşdu.
Putinin çıxışı çox qısa olub. O deyib ki, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyatda” hamı, hətta uşaqlar da vətənin müdafiəçiləridir. Onun sözlərinə görə cəbhədəki döyüşçülər “vətəni və ailəni” müdafiə edirlər:
“Elə indi bizim tarixi hüdudlarımızda döyüş gedir” deyən Putin söhbətin məhz hansı “tarixi hüdudlardan” getdiyini izah etməyib.
Sözü gedən tədbirdə Rusiyanın bir sıra musiqiçi və müğənniləri də çıxış ediblər.
Bu arada Dojd telekanalı bildirib ki, Putinin çıxışından əvvəl Lujniki stadionu ilə üzbəüz Pantsir-S1 zenit-raket kompleksi gözə dəyib.
Telekanalın teleqram kanalında MDU binası ilə üzbəüz hava hücumundan müdafiə sistemlərinin qurulduğunu göstərən video dərc olunub.
Buna da bax: ‘Putinin aşpazı’ ilə müdafiə naziri arasında çəkişmə qızışır“Normal praktika”
Conflict Intelligence Team təhqiqatçı qrupunun təsisçisi Ruslan Leviyev deyib ki, bu, artıq normal praktikaya çevrilib.
Buna bənzər antiraket sistemləri Putinin Novo-Oqoryovadakı iqamətgahının yaxınlığında, Müdafiə Nazirliyinin, habelə Kremlin yaxınlığındakı ofis binasının damında yerləşdirilib.
Msk1.ru saytı yazır ki, sözü gedən ərazinin ətrafına hündürlüyü üç metr olan hasar çəkilib və bu, burada yerləşdirilmiş hərbi texnikanın görünməməsi üçün edilə bilərdi.
Hərbi ekspert Aleksandr Xramçixinin fikrincə burada söhbət radioelektron mübarizə sistemlərindən gedir.
"Можем объяснить" adlı teleqram kanalında deyilir ki, Lujnikidəki tədbirdə iştirak edənlərin əksəriyyəti bura məcburən gətirildiyini bildirib. Bunlar əsasən büdcə təşkilatlarının işçiləri olub.
Hava çox soyuq idi və adamlara xəbərdarlıq edilmişdi ki, tədbir müddətində stadionun qapıları bağlı olacaq.
Tədbirdən sonra çəkilmiş fotolarda adamların onlara verilmiş bayraq və plakatları atıb getdikləri görünür.
Bu da bildirilir ki, Moskvada bəzi obyektlərdə Pantsir S1 hava hücumundan müdafiə komplekslərinin yerləşdirilməsinə yanvarın əvvəllərindən başlanıb.
Bundan əvvəl, dekabr ayında Rusiyanın Saratov və Ryazan vilayətlərindəki strateji aerodromlarına dron zərbələri endirilmişdi.
Rusiya Müdafiə Nazirliyi hadisəni “terror aktı” adlandırmış və buna görə Ukraynanı ittiham etmişdi.
Rəsmi Kiyev bu zərbələrin Ukrayna tərəfindən endirildiyini təsdiqləmir.