Rusiya prezidenti Vladimir Putin açıq havada keçirilən tədbirlərdə üst paltarının altından gülləkeçirməz jilet geyinməyə başlayıb. Ona bunu israrla mühafizə xidməti tövsiyə edib. Bu barədə "The Moscow Times" qəzetinin materialında bildirilir.
Nəşrin bu cür tədbirlərdə prezidenti yaxından görən həmsöhbətləri onun ən azı 2023-cü ildən gülləkeçirməz jilet geyindiyini iddia edirlər. Bir təhlükəsizlik eksperti Moskvada 9 May Qələbə paradından Putinin videogörüntülərini araşdırıb və paltosunun altında gülləkeçirməz jilet olduğunu təsdiqləyib.
Yazıda Federal Təhlükəsizlik Xidmətinin (FTX) həyata keçirdiyi digər təhlükəsizlik tədbirlərindən də bəhs edilir. Bildirilir ki, şəxsi aşpazları Putin ilə uçur, ancaq xüsusi bir işçi qrupu bütün yeməkləri o, yeməzdən əvvəl yoxlayır. Putinin ətrafındakı mühafizəçilər diplomat çanta kimi maskalanmış qatlanan zirehli qalxanlara sahibdirlər.
Nəşr habelə iddia edir ki, prezidentin təhlükəsizlik xidməti Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin 2022-ci ildə qətli və Slovakiyanın baş naziri Robert Fitsoya bu yaxınlarda sui-qəsd daxil olmaqla, dünyada siyasətçilərə silsilə hücumlardan narahatdır.
2022-ci ildə "Match" nəşri Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyinə və sağlamlığına necə nəzarət olunduğuna dair araşdırma dərc edib. Nəşrin məlumatına görə, Putinin xaricə səfərləri zamanı onun sidiyi və nəcisini FTX əməkdaşları yığır, onlar xüsusi hazırlanmış torbalara qoyulur və xüsusi çamadanda Rusiyaya çatdırılır.