Rusiya Prezidenti Vladimir Putin bu gün – iyulun 1-də parlamentin daha öncə qəbul etdiyi bəzi qanunları imzalayıb. Onların içində tarixi yaddaşla bağlı olanlar da var.
“Sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin əbədiləşdirilməsi” haqda qanuna əlavələr keçmiş SSRİ-nin məqsəd və hərəkətlərini nasist Almaniyası ilə eyniləşdirməyi qadağan edir. Eyni zamanda “sovet xalqının faşizm üzərində qələbədə həlledici rolu”nu və Qırmızı ordunun Avropa ölkələrinin azad olunmasındakı “humanitar missiyasını” danmaq yasaqlanır.
Buna da bax: Xodorkovskiyə bağlı qruplar ‘arzuolunmaz’ sayıldı
Tarixi diskussiyanın məhdudlaşdırılması
Digər əlavələrdə nasist partiyası və SS-in rəhbərlərinin fotolarının göstərilməsi ekstremist fəaliyyət hesab edilir. “Nasizm ideologiyasına mənfi münasibətin formalaşdığı hallar” istisna olunur.
Bu normaların pozulmasına görə sanksiyalar hələlik, müəyyənləşdirilməyib.
Bəzi tarixçilər bu əlavələri tənqid edib, onları azad tarixi diskussiyanın məhdudlaşdırılması hesab edir. Söhbət SSRİ-nin Almaniya ilə imzaladığı, 2-ci Dünya müharibəsinə yol açmış Molotov-Ribbentrop paktından, yaxud sovet əsgərlərinin dinc əhaliyə qarşı törədə biləcəyi cinayətlərdən gedir.
Buna da bax: Putin Azərbaycan-Ermənistan sərhədindən danışdı
Putin çıxışlarında müharibə mövzusuna tez-tez müraciət edir, Qərb ölkələrini tarixi yozuma görə tənqid edir. O, 2021-ci il 9 may paradında deyirdi ki, sovet xalqı 2-ci Dünya müharibəsində nasizmlə mübarizədə “tək” idi. Amma 1941-ci ilin iyunundan SSRİ Almaniyaya qarşı Britaniya, daha sonra ABŞ və digər ölkələrlə birlikdə vuruşub.