Rusiya prezidenti Vladimir Putin müxalif siyasətçi Aleksey Navalnının Yamal koloniyasında ölümünü şərh edərkən onu soyadı ilə çağırıb.
Buna qədər Putin, bir qayda olaraq, Navalnının soyadını deməkdən yayınırdı.
Putin müxalifət liderinin ölümünü "kədərli hadisə" adlandırıb və Navalnının Rusiyaya qayıtmaması şərti ilə onun mübadilə məsələsini müzakirə etdiyini təsdiqləyib.
Putinin sözlərinə görə, Navalnının Qərb ölkələrində olan məhbuslarla dəyişdirilməsi ideyasını "bəzi həmkarları" irəli sürüb, amma əlavə edib ki, onlar prezident administrasiyasından deyil: "Mənimlə danışan adam hələ cümləsini bitirməmiş "razıyam" dedim. Amma təəssüf ki, olanlar oldu. Amma dedim, bir şərtlə: onu dəyişdirsək, qayıtmasın, qoy orada otursun".
Bundan əvvəl "Aqenstvo", o cümlədən ingilisdilli bəzi kütləvi informasiya vasitələri (KİV) Rusiyanın Navalnı, həmçinin amerikalılar- jurnalist Evan Qerşkoviç və təqaüddə olan dəniz piyadaçısı Pol Uilanı azad etməyə hazır olduğunu yazıblar. Bunun əvəzində Rusiyaya, təsdiqlənməmiş məlumatlara görə, çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətli ilə bağlı Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov və ABŞ-da məhkum edilən bəzi digər rusiyalılar verilə bilərdi.
Bazar günü, martın 17-də Rusiyada prezident seçkilərində səsvermə başa çatıb. Hesablanan bülletenlərin 80 faizinin nəticələrinə əsasən, V.Putin 87 faizdən çox səs toplayıb.
A.Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib. Rusiya rəsmiləri siyasətçinin təbii səbəblərdən öldüyünü bildirirlər. Siyasətçinin tərəfdarları isə onun öldürüldüyünə inanırlar.