Rusiya prezidenti Vladimir Putin iyunun 9-da gənc sahibkarlarla görüşündə deyib ki, Rusiya imperatoru I Pyotr 1700-1722-ci il Şimal müharibələrində İsveçdən torpaq qoparmayıb.
Onun sözlərinə görə I Pyotr rus torpaqlarını “qaytarıb” və “möhkəmləndirib”.
Putin deyib ki, “indi bizim taleyimizə də torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”.
Putin bəyan edib ki, I Pyotrun qəsb etdiyi torpaqlarda əslər boyu fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıblar.
O əlavə edib ki, bu torpaqlar həmişə Rus dövlətinin nəzarətində olub.
Putin misal olaraq əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuş Sankt Peterburq şəhərindən danışıb.
O deyib ki, əvvəcə Avropanın ölkələri bu əraziləri Rusiya ərazisi kimi tanımırdılar.
Ukraynada yeni ilhaqlar planı
Bundan bir gün əvvəl iyunun 8-də Ukraynada Rusiya qoşunları tərəfindən işğal olunmuş Xerson və Zaporojye vilayətlərinə Moskva tərəfindən təyin edilmiş başçılar bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün referenduma hazırlaşdıqlarını bildiriblər.
Bu bəyanatlar Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun işğal olunmuş bölgəyə səfərindən sonra verilib.
Rusiya Ukraynaya əsassız və səbəbsiz müdaxilə edəndən sonra hazırda Xerson şəhəri də daxil Xerson vilayətinin böyük bir hissəsi Rusiya işğalı altındadır.
Zaporojye vilayətinin də əhamiyyətli hissəsi işğal altında olsa da, Zaporojye şəhərinin özünə Ukrayna silahlı qüvvələri nəzarət edir.
Kreml Ukraynada müharibənin əvvəllərində “xüsusi əməliyyatdan” məqsədin torpaqların Rusiyaya birləşdirilməsi olmadığını bildirirdi.
Buna da bax: Moskva Xerson və Zaporojye vilayətlərinin ilhaqına start verir?
Baltikyanı söhbəti
Bugünlər Rusiyada I Pyotrun 350 illiyi qeyd olunur.
O Rusiya tarixşünaslığında qəddar metodları ilə dövləti möhkəmləndirmiş və Qərbdən alınmış islahatları həyata keçirmiş imperator kimi təqdim olunur.
I Pyotrun nailiyyətlərindən biri də İsveçin nəzarətində olan bəzi Baltikyanı ərazilərin 1721-ci il Niştadt sülhü sazişinə uyğun olaraq Rusiyaya birləşdirilməsidir.
Amma həqiqət bundan ibarətdir ki, müasir Estoniyanın və qismən də Latviyanın əraziləri heç vaxt heç bir Rusiya knyazlığının ərazisinə daxil olmayıb.
Putin torpaqların qaytarılmasından danışarkən hansı əraziləri nəzərdə tutduğunu deməyib.