►Litva toyuqları Rusiya prezidentini "dənlədilər"
19 yaşlı litvalı rəssam Yolita Vaytkute çörək qırıntılarından Vladimir Putinin portretini yaradaraq onu cücələrə yedirib.
“Bu mənim sakit bədii etirazımdır. Mən heç kimi təhqir etmək istəmirəm, intriqalarla məşğul olmuram, sadəcə olaraq, bu formada Putinin ideyalarına qarşı çıxıram,” - deyə rəssam jurnalistlərə bildirib.
Portretin yaradılması və yeyilməsi prosesi videoya çəkilib.
Toyuqlara yem olmuş Putin Rusiya prezidentinin tərəfdarlarını qəzəbləndirib və rəssam internetdə qəzəbli trolların hücumuna məruz qalıb.
Buna da bax: Məhkəmə Xədicə İsmayılı həbsdə saxladı
Çörək qırıntılarından düzəldilmiş Putin yeməli portretlər silsiləsinə daxil olan portretlərdən biridir. Barack Obama ketçupla, Albert Eynşteyn yağ-çörək şəklində, Jim Morrison və Conchita Wurst şokoladlı dondurma ilə çəkilib. Yolita Vaytkute Litvanın prezidentini sousla, baş nazirini isə krep üzəridə şokoladla yaradıb.
Yolita Vaytkute öz yaradıcılığı barədə AzadlıqRadiosuna danışıb. Rəssam deyir ki, öz yaradıcılığında Putinə çox müraciət edib. Hətta təzə-təzə Putin onun komikslərinin qəhrəmanı imiş.
Bir layihədə o "yeməli" Putini qara istiotdan yaradıb, çünki slavyanların bu ədviyyatı sevdiyini düşünür. Rəssam bu layihəni Rusiya-Amerika qarşıdurması haqqında nə düşündüyünü göstərmək üçün həyata keçirdiyini deyir. Vaytkute deyir ki, Putin yeganə personajdır ki, onun şəklini ona, yaxud ideologiyasına rəğbət bəslədiyinə görə çəkmir.
“Mən onun çıxışlarına baxanda qanım qaynayır! Soyğunçu siyasət, propaqanda və populizm. Mən anlamaqda çətinlik çəkirəm, bizim liberal zəmanəmizdə belə bir ölkə necə mövcud ola bilir,” - deyə o hisslərini ifadə edib.
Rəssam Litva prezidenti Qribauskayteni seçki zamanı ona dəstək vermək üçün, Conchitanı isə mühafizəkar litvalıları müzakirəyə həvəsləndirlmək üçün çəkib.
Buna da bax: Moskvada Türkiyə səfirliyinə hücum- [Video]
Əsəri yaradarkən rəssamın material seçimi də təsadüfi deyilmiş. Vaytkute deyir ki, adətən personajın sevdiyi ərzağı seçir, yaxud da həmin qidada bir rəmzi məna axtarır. Ya da özünün yediyi qidadan istifadə edir:
“Eynşteyn mən tələbə yataqxanasında yaşadığım zaman ərsəyə gəlib. Mən onu axırıncı puluma düzəltdim və məmnuniyyətlə yedim. Obamanın portretinin yanında isə Amerika mədəniyyətinin rəmzi olan sosiska var idi.”
Rəssam əsərlərinin bu seriyasına maraqlı ad da qoyub: “Daha çox incəsənət ye”. O deyir ki, xoşuna gələn şəxsiyyətlər arasında hələ çox çəkilməli personaj var. Bunların arasında İngiltərə kraliçası və bir çox başqa müasir qəhrəman var. “Mənim işlərim kəmiyyət xətrinə yox, deməyə bir sözüm olanda yaranır,” - deyə rəssam qeyd edib.