Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan təcrid vəziyyətinə düşüb. Qərb Moskvanı sanksiyalarla cəzalandırır.
Beynəlxalq Maliyyə İnstitutunun proqnozuna görə, bu il Rusiya iqtisadiyyatı 15 faiz, gələn il 3 faiz kiçilə bilər. Qurum bildirir ki, xarici şirkətlərin Rusiyadan getməsi, beyin axını, ixracın zəifləməsi 15 illik iqtisadi qazancı məhv edə bilər.
Buna da bax: Hamilə deputatın Rusiyadan qaçışı“Qərbin iqtisadiyyatı, bizim ‘volya’mız”
Bu arada Qərbdə bəziləri Prezident Vladimir Putinin hakimiyyətinin zəifləyəcəyini düşünürlər. Norveçin Fridof Nansen İnstitutunun direktoru, Rusiya üzrə ekspert İver Neuman da bu fikirdədir. O, AzadlıqRadiosunun Gürcüstan xidmətinə müsahibəsində deyib ki, Putinin ölkə iqtisadiyyatında islahatlar aparmaqdan imtinası, hazırda qonşusunu işğal etməsi onun rejiminin “sonunun başlanğıcı” ola bilər. Ancaq ekspert bunun vaxtını proqnozlaşdırmağın çətin olduğunu sözlərinə əlavə edib.
“Putin 22 il öncə hakimiyyətə gələndən iqtisadiyyatda çox az şey baş verib. Putin kimi təlim görmüş marksistin maddi faktorların vacibliyini anlamaması məni heyrətləndirir”, – “Rusiya və Avropa İdeyası” kitabının müəllifi Neuman söyləyib.
“Putin deyir ki, ‘Qərbin iqtisadiyyatı olacaq, bizimsə ‘volya’mız’, yəni əzmimiz, bununla dəyanət göstərəcəyik’. Ancaq belə alınmayacaq. Buna görə düşünürəm ki, bu, Putin rejiminin sonunun başlanğıcıdır”, – deyən Neumanın fikrincə, məhz mirasa aludəçilik Rusiya liderini Ukraynanın işğalına sövq edib.
Buna da bax: ‘Panama arxivi’ işində məlumat verən şəxs: Putin ABŞ üçün Hitlerdən daha təhlükəlidirBöyük Pyotrla müqayisə
Keçmişdəki rus çarlarının iziylə gedən Putin, yəqin, “Rusiya torpaqlarını bir yerə yığmağa” həvəslənib.
Putin iyunun 9-da Böyük Pyotrun 350-ci doğum günündə onu yada salıb, Rusiya torpaqlarının qaytarılmasından danışıb.
“Böyük Pyotr 21 il ərzində Böyük Şimal Müharibəsini aparıb. Elə görünərdi ki, o, İsveçlə müharibə aparır, onlardan nəsə qoparıb. Onıardan heç nə almayıb, (Rusiyanın olanı) geri alıb”, – Putin deyib.
“Bir çox köhnə despotlar kimi Putin də tarix kitabları haqda düşünür. Rus çarları tarix kitablarına necə düşüblər, parlayaraqmı? Onlar müharibələri udublar, ərazi ələ keçiriblər”, – Neuman söyləyib.
Buna da bax: Bellingcat, Insider Rusiyada qadağan olunurNavalnı?
Ancaq təhlilçi Putindən sonra nə olacağını proqnozlaşdırmaqda çətinlik çəkir. Çünki Rusiya prezidenti “və rejimi Rusiyada mütəşəkkil liberal düşüncənin və işin kökünü kəsiblər. Bu, ölkə üçün pis, Putin rejimi üçün yaxşıdır”, – o vurğulayır.
Neuman hazırda Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnının da “tipik Rusiya lideri obrazına tam uyğun gəlmədiyini” düşünür. Navalnının Antikorrupsya Fondu (FBK) Rusiyada qadağan olunub, özü isə siyasi motivli hesab edilən ittihamlarla həbsdədir.
Norveçli təhlilçi deyir ki, korrupsiyaya qarşı mübarizəsinə baxmayaraq, Navalnı da bəzilərinin inandığı kimi, Qərbə dost olmaya bilər.
“Navalnı həbsdədir, onun hərəkətləri super maraqlıdır. Ancaq Navalnı da tam qərbyönlü deyil, o, millətçi hərəkat kimi başlayıb. Navalnını Böyük Pyotra daha çox oxşadığını düşünürəm. Rusiyanı nə vaxtsa olduğu səviyyəyə qaldırmaqdan ötrü o, qərbləşməlidir”, – deyən Neumann Putinin yaratdığı və böyütdüyü sistemdə Navalnı kimisinin hakimiyyətə gəlmək şansının minimal olduğunu vurğulayıb.
Buna da bax: Rusiyanın hələ çoxmu gücü qalıb? Ekspert cavab verirDanışıqları saxlamaq
Rusiyanın işğalı altıncı aya keçib. Rusiyanın hərbi cinayətlər törətməsi iddiaları artır. Ancaq Neuman Qərbə Moskvayla danışıqların qapısını örtməməyi tövsiyə edir.
“Bir şey dəqiqdir: Rusiya heç yerə getmir, nə siyasi baxımdan Putinlə, nə də coğrafi baxımdan. Ölkə durduğu yerdədir. Donbasda daha çox ərazi tuta bilər, Donbasda Krıma quru dəhlizi qura bilər. Ancaq Rusiya istənilən formada orada olacaq. Gələcəkdə onunla danışmalı olacağıq… Rusiya ilə söhbəti müəyyən formada saxlamağımız vacibdir”, – ekspert vurğulayır.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək şərqdəki separatçıları dəstəkləməyə başlayıb. Fevraldan başlanan işğalın əvvəlində paytaxt Kiyevə tuta bilməyən Moskva şərqi Donbas regionunu tam ələ keçirməyə fokualanıb.