“Qaz İdarəsi deyir, ‘bizlik deyil, SOCAR-lıqdır’, SOCAR-a zəng vururuq, deyir, ‘biz borc yazan deyilik, gedin, qaz idarəsinə deyin’. Qalmışıq ortada. Dünəndən də başlayıblar borcları kartın balansından silməyə”.
Mərdəkandakı keçmiş “Kristal” pioner düşərgəsində məskunlaşan köçkünlərin mənzillərinə qaz sayğacları quraşdırılandan sonra ortaya külli məbləğlərdə borc bildirişləri çıxıb. Bu barədə AzadlıqRadiosu-na köçkünlər danışır.
Buna da bax: Ekspert: 'Sayğaclaşmaya etirazı doğru saymıram'
3 MİN MANATDAN ÇOX BORC
Eyvaz Qasımov deyir, o, qaz borcundan ASAN Xidmətdə olarkən xəbər tutub. Onun sözlərinə görə, ailədə 4 nəfərlik limit ola-ola, 3 min manatdan çox borc yazılıb:
“O günlərdə sayğac quraşdırıldı, getdim ki, sənədləşmə edim, orada mənə bir bildiriş verdilər, rəqəmləri görəndə damarımda qanım dondu. Adıma 3 min 60 manat borc yazılıb. Üstəlik, evdə qazla işləyən iki nöqtə olduğu halda dörd nöqtə yazılıb. Yazıblar ki, guya hamamda samovar, kolonka işlədirəm. Gəlsinlər görsünlər, mənim evimdə heç hamam var ki, dedikləri də olsun? Tələb edirəm ki, gəlib yoxlasınlar. O boyda hamam açılıb yığılan çarpayı ha deyil, yığışdırıb hardasa gizlədim”.
Köçkünlər iddia edirlər ki, bu binaya mavi yanacaq vur-tut 1 il 6 aydır verilir. Rəqəmlərsə fantastikdir. Köçkün Valeh İsfəndiyarov deyir, üç nəfərlik limit ola-ola, 2015-dən bu tərəfə onlara 2 min 448 manat 74 qəpik borc yazılıb.
Buna da bax: Pirşağıda məcburi köçkünlər etiraz edir
“GUYA BORCLAR 2000-Cİ İLDƏN YIĞILIB”
Binada yaşayan azı yetmiş ailənin təqribən 20-si sayğac quraşdırmaqla özləri demişkən, “zibilə düşüblər”. Köçkün Malik Camalovun gözü necə qorxubsa, o və digər köçkünlər sayğac quraşdırılmasının dayandırılmasını tələb ediblər. Malik Camalov:
“Baxdıq ki, sənədləşmə üçün ASAN Xidmətə gedənlərin hamısı rəngləri ağarmış, əsəbi vəziyyətdə qayıdırlar. Ucdantutma hamıya ağıllarına gələn rəqəmləri yazıblar. Guya bu borclar 2000-ci ildən yığılıb. Halbuki, binaya qaz 2015-ci ildən verilib. O vaxtadək yalnız elektrikdən istifadə etmişik. Deyirlər, guya gizli qaz xətləri olub və sairə. Ay başına dönüm, bu qaz özü yoxdursa, evə min dənə xətt çək, nə mənası?”
Sayğac quraşdırmış köçkünləri narahat edən odur ki, fevralın 1-dən başlayaraq həmin borclar yüklənən kartdan çıxılmağa başlayıb.
Buna da bax: 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'
“BU RƏQƏM HAVADAN YAZILMAYIB”
Köçkünlər yerli icra hakimiyyətinə, “Qaçqınkom”a, yerli qaz idarəsinə müraciət ediblər. Yazılan məbləğlərin araşdırılmasını və silinməsini tələb ediblər. Ancaq hələ ki, nəticə əldə etməyiblər. Demələrinə görə, əgər borclar kartdan tutulmaqda davam etsə, aksiyalara başlayacaqlar.
Xəzər rayon qaz idarəsindən “Qaynar xətt”ə bildirilib ki, köçkünlərin narazılığı araşdırılacaq:
“Hər halda, bu rəqəm havadan yazılmayıb. Yenə də araşdırılacaq”.
Buna da bax: Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'
Hüquqşünas Vaqif Alıyev deyir, bu durumda köçkünlər məhkəməyə müraciət etməlidilər: “’Azəriqaz’a rəsmi məktubla müraciət etsinlər, rəsmi cavabı alıb, bildirişləri də əlavə edib ərizəylə ayrı-ayrılıqda məhkəməyə müraciət etsinlər”.