“2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.
Yanvarın 12-də Türkiyədə nəşr olunan “Yeni Şafak" qəzetində Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.
Buna da bax: Qafqaz Universitetinin 6 prorektoru çıxarılıb
“Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq”, - deyə məlumatda bildirilir.
XATIRLATMA
Ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilib.
Buna da bax: Xarici ölkələrdəki "Gülən məktəbləri" nin taleyi
Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.
Hazırda, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb.