Gələn il, yanvarın 15-dən Qarabağa avtobus reyslərinin açılması planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qurumdan qeyd olunub ki, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir: "Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə iki dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər".
2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında sazişə əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
İşğaldan azad edilən rayonlarda, hələlik, məskunlaşma yoxdur.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.