Azərbaycan və Ermənistan arasında sülh Amerika Birləşmiş Ştatları (ABŞ) üçün prioritet olaraq qalır. Bu barədə noyabrın 7-də ABŞ Dövlət Departamentindən bildiriblər.
"Dünyada baş verən hər şeydən əlavə olaraq, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır", - mətbuat katibinin müavini Vedant Patel brifinqdə "Turan" müxbirinin Vaşinqtonun Qarabağla bağlı daha bir sammit keçirməyi planlaşdırıb-planlaşdırmadığı haqqında sualına cavabında bildirib.
Bundan əvvəl Vaşinqton bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh danışıqlarına ev sahibliyi edib.
"Dövlət Departamenti bununla məşğul olmağa davam edir", - deyən Patel təfərrüatları açıqlamayıb.
ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Brüssel formatını dəstəkləyir. Amma son aylar bu formatda danışıqlara aid bir sıra təşəbbüslər nəticə verməyib.
Buna da bax: Azərbaycan Brüssel formatına 'əlvida' deyir?Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.