Azərbaycan Müdafiə Nazirliyi avqustun 22-də açıqlayıb ki, Qarabağda erməni silahlı dəstələrinin texniki müşahidə vasitələrini hərbi qulluqçularının təhlükəsizliyini təmin etmək məqsədilə sıradan çıxarır.
Məlumatda vurğulandığına görə, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri təminat yolları və mövqelərinə yaxın ərazilərdə texniki müşahidə, dinləmə vasitələri quraşdırıb. Bildirildiyinə görə, avqustun 21-də 30-dək belə texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bu məlumata, hələlik, digər tərəfin və Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin münasibəti bəlli deyil.
Azərbaycan hərbçisi yaralanıb
Azərbaycan Müdafiə Nazirliyi (AMN) avqustun 22-də hərbçi qulluqçusunun yaralandığını açıqlayıb.
"Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan ordusunun hərbi qulluqçusu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb", - məlumatda bildirilir.
Olayın konkret harada baş verdiyi qeyd edilmir.
Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və Qarabağdakı tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.
Xatırlatma
1988-ci ildə Qarabağ münaqişəsi başlayıb, Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bununla belə, vaxtaşırı həm Qarabağda, həm də Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.