MN: Rusiya sülhməramlıları Azərbaycanı tam tərk edib

Qarabağda Rusiya sülhməramlıları

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Laçın dəhlizi və Qarabağda yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Məlumatda vurğulanır ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

Bu ilin aprelində həm Kremldən, həm də Bakıdan rəsmilər bildirmişdilər ki, Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Sonradan isə bu prosesin mərhələlərlə həyata keçirildiyi açıqlanmışdı.

26.04.2024

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb [Video]

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün, aprelin 26-da fəaliyyətini dayandırıb.

Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində mərasim keçirilir.

Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə, Rusiya səfirləri və digər şəxslər iştirak edirlər.

Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-tur təşkil olunub.

Bu mərkəz Azərbaycan hökumətinin razılığı əsasında 2021-ci il yanvarın 30-da Türkiyə ilə Rusiya arasında imzalanan Memorandumla yaradılmışdı. Məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanmışdı.

23 aprel

Sülhməramlılar Qarabağdan Ermənistana getdi – Rəsmi izahat

Dağlıq Qarabağdan olan Rusiya sülhməramlıları Ermənistanın Qoris və Sisian şəhərlərində müvəqqəti dislokasiya məntəqələrinə onların bağlanması ilə bağlı işlərin təşkili üçün gəliblər, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Sosial şəbəkələrdə sülhməramlılardan ibarət karvanın Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin başladığı Həkəri körpüsündən keçərək Ermənistan ərazisinə gəlməsi ilə bağlı video yayılıb.

Qriqoryan əlavə edib ki, qoşunlar Dağlıq Qarabağı tərk etdiyi üçün "onlar təbii olaraq Ermənistan Respublikasının ərazisində də qala bilməzlər".

18 aprel

'Rusiya ordusunun Cənubi Qafqazda sülhə töhfə verdiyini görməmişik' – Dövlət Departamenti

"Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik".

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair sualı cavabındırarkən səsləndirib.

"Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir", - deyən Patel vurğulayıb ki, Vaşinqton davamlı, ləyaqətli sülh əldə etmək üçün Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləyir.

17 aprel

Rusiya sülhməramlıları Azərbaycandan gedir

"Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib".

Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - H.Hacıyev bildirib.

Arayış

İkinci Qarabağ savaşından sonra 10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən rusiyalı sülhməramlıların sayı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Razılaşmada onların sayı min 960 nəfər nəzərdə tutulsa da, Azərbaycanda bunun bir qədər çox olduğu ilə bağlı iddialar da səslənib.

Texnikaya gəldikdə isə, onun 90 zirehli transportyor, 380 avtomobil, xüsusi texnika, dörd "Mi-8", dörd "Mi-24" helikopteri və yeddi pilotsuz uçan aparatdan ibarət olduğu bildirilirdi.

Qarabağda xidməti vəzifələrini icra edərkən səkkiz Rusiya sülhməramlısının həlak olduğu açıqlanıb.

+++

Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığı barədə məlumatları təsdiqləyib.

"Interfax"ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bəli, bu, həqiqətən də belədir" deyib.

Aprelin 16-da sosial şəbəkələrdə Tərtər, Goranboy və Gədəbəy rayonlarında hərəkət etdiyi iddia olunan Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Qeyri-rəsmi mənbələr bildirir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycandan çıxarılaraq Dağıstana gedir.

Rusiya sülhməramlı kontingenti 2020-ci ildə Azərbaycana gəlib. Ondan əvvəl Rusiya ordusu 1993-cü ildə - Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanı tərk etmişdi.

Azər Qasımlı

Rusiya sülhməramlılarının getməsi ilə bağlı: "Razılaşmalar nədir, onu bilmirik"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı hesab edir ki, rəsmi açıqlamada bütün suallara aydınlıq gətirilməlidir: "Biz bilməliyik, sülhməramlılar tam olaraq çıxarılır, yoxsa bir hissəsi qalacaq? Başqa suallar da var".

Onun fikrincə, əsas məsələ burasındadır ki, Azərbaycan Rusiyanın yaxın müttəfiqidir: "Onun da hazırda həyata keçirdiyi siyasət anti-Qərb siyasətidir və hər şeyi edir ki, Qərb bu bölgəyə gəlməsin. Mən düşünürəm ki, Azərbaycan və Rusiya iqtidarları arasında müəyyən razılaşmalar var. Bu belə olmur ki, günün bir günü 2025-ci il gəlmədən əvvəl qərar verdilər ki, Qarabağdan gedirik. Bu, müəyyən razılaşmalardan keçir. Biz də bu razılaşmalar nədir, onu bilmirik".

Ekspert hesab edir ki, bunun fonunda Qərblə Azərbaycanın münasibətləri olduqca pisdir: "Fikirləşirəm ki, hər şey böyük müharibəyə doğru gedir və regionu ona sürükləyən Rusiyadır".

"Müddəti uzatmaq niyyətimiz yox idi"

Milli Məclisin deputatı Elman Nəsirov isə 'Turan"a bildirib ki, Azərbaycan tərəfinin mövqeyi bəlli idi: "Bizim bu müddəti uzatmağa niyyətimiz yox idi, amma 5 illik müddəti gözləməli idik. Belə yanaşmalar da var idi ki, sülhməramlıların missiyası daha erkən bitəcək".

Onun sözlərinə görə, bu mövqeyi şərtləndirən amil o idi ki, sülhməramlıları Qarabağa gətirən səbəb artıq yoxdur: "Onlar ona görə gəlmişdilər ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etsinlər. Keçən il sentyabrın 19-da aparılan antiterror əməliyyatından sonra ermənilər Qarabağı könüllü tərk ediblər və artıq orada ermənilər yaşamır. Belə olan halda, sülhməramlıların əsas missiyası aktuallığını itirib. Kreml rəhbərliyi, yəqin ki, bu reallıqları ölçüb-biçib və qərara gəlib ki, sülhməramlıları burada saxlamağın mənası yoxdur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya sülhməramlıları Azərbaycandan başqa daha hansı bölgələrdədir?

+++

Bütün bunlarla belə, təqribən iki həftə əvvəl Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirmişdi ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb edilməsi planlaşdırılır. O, sülhməramlı kontingentin minatəmizləmə əməliyyatlarına qoşulması ilə bağlı müəyyən sənədləşmə işlərinin aparıldığını vurğulamışdı: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) 5 illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. (onun müddəti tərəflərin razılığı ilə artırıla bilər)

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanmışdı.