Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb

MSK

"Azad edilmiş ərazilərə növbədənkənar prezident seçkisinə qədər köçürülmə olsa, həmin şəxslər orada səs verə biləcəklər".

"Turan"ın məlumatına görə, bunu dekabrın 20-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri qeyd edib ki, azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verə biləcək: "Artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb və hər məntəqəyə 800-900 seçici düşür".

Azad edilən ərazilərdə 26 məntəqə yaradılacaq

İlkin rəqəmlərə görə, azad olunmuş əraziləri əhatə edən doqquz seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təmin ediləcək.

Bunu dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bu qurumun sədrinin müavini Rövzət Qasımov deyib.

MSK rəhbərliyi bəyan edib ki, Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə yeni seçki məntəqələri yaradılacaq.

Buna da bax: İlham Əliyev son seçkidə verdiyi vədləri necə yerinə yetirib?

1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müharibəyə səbəb olmuşdu. Azərbaycan 1994-cü il atəşkəs razılaşmasına qədər Qarabağa və ətrafındakı 7 rayona nəzarəti itirmişdi. Amma üç il əvvəl qismən, bu il isə tamamilə Azərbaycan bütün ərazilərinə nəzarəti bərpa edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. İndi Qarabağda yalnız kiçik sayda əhalinin qaldığı bildirilir. Amma Azərbaycan hökuməti son bir neçə ildə bir neçə min köçkünü işğaldan azad edilən rayonlara qaytardığını açıqlayıb.

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.