Qaraqalpaqıstan etirazlarında 18 nəfər ölüb

Özbəkistanın Qaraqalpaq bölgəsində etiraz aksiyası, 1 iyul 2022

Qarqalpaqıstan sakinləri bölgənin suverenliyinin məhdudlaşdırılması planlarına etiraz edirdilər

Özbəkistan Baş Prokurorluğunun iyulun 4-də açıqlanmış bəyanatında deyilir ki, Qaraqalpaqıstanda ötən həftə başlanmış etirazların gedişində 18 nəfər həlak olub.

Qarqalpaqıstan sakinləri bölgənin suverenliyinin məhdudlaşdırılması planlarına etiraz edirdilər.

Prokurorun məlumatında deyilir ki, Nukus şəhərində iğtişaşlar zamanı aldıqları ağır xəsarətlərdən 18 nəfər ölüb.

Bu da xəbər verilir ki, etiraz aksiyasının dağıdılması zamanı 500-dən çox saxlanan olub.

Özbəkistan Milli Qvardiyası bildirir ki, saxlananların çoxu artıq sərbəst buraxılıb.

Bundan başqa 240 nəfərin xəsarət aldığı, onlardan 90-nın xəstəxanaya aparıldığı xəbər verilir.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 2-də deyib ki, Konstitusiyanın yeni mətnində Qaraqalpaqıstanın suverenliyi və Özbəkistanın tərkibindən çıxmaq hüququna dair müddəalar saxlanacaq.

Mirziyoyevin iyulun 3-də yayılmış bəyanatında iğtişaşlar zamanı ölənlərin arasında hüquq-mühafizə əməkdaşlarının olduğu bildirilir.

Başqa məlumatlara görə aksiyada minədək xəsarət alan olub.

Qaraqalpaq bölgəsində bir aylıq fövqəladə vəziyyət elan edilib

Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə səfər edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə Konstitusiyasında muxtariyyətin suverenliyi ilə bağlı bəndin saxlanmasını təklif edib.

Bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Onun teleqram kanalında yazdığına görə, dövlət başçısı digər məsələlərlə yanaşı, həm də Qaraqalpaqıstan sakinlərinin fikirlərinin təhlilini də əsas sayır, həm də Konstitusiyaya dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alır.

Prezident Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi tətbiq edib.

***

Özbəkistanın Qaraqalpaq bölgəsində (Qaraqalpaqıstan Muxtar Respublikası) hakimiyyət nümayəndələri iyulun 1-də baş verənləri “dövlət orqanlarını ələ keçirməyə cəhd” elan ediblər.

Qaraqalpaqıstanın ali nümayəndəli orqanı olan hökumətin və Daxili İşlər Nazirliyinin iyulun 2-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, “iğtişaşların təşkilatçıları” Nukusda (Qaraqalpaqıstan Muxtar Respublikası paytaxtı) vətandaşları inzibati binalar kompleksinin qarşısındakı meydana toplayıblar. Qeyd olunur ki, bununla dövlət qurumlarını nəzarətinə götürməyə və cəmiyyətdə parçalanma yaratmağa, Özbəkistanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər”.

Bəyanatda vurğulanır ki, təhlükəsizlik qüvvələri həmin şəxslərin hərəkətinə müdaxiə edib və onlar saxlanılıb. Amma məlumatda hadisələrin səbəbləri, aksiya iştirakçıları və saxlanılanların sayı göstərilmir.

Buna da bax: Özbəkistanda qaraqalpaqlar etiraza qalxıblar

Muxtar Respublika hakimiyyətinin iyulun 2-də yaydığı bəyanatda “xaricdən gələn müəyyən qeyri-sağlam xarici qüvvələrin respublikadakı vəziyyətin inkişafına təsir etmək cəhdləri”ndən, o cümlədən “məqsədli məlumat yaymalarından” bəhs edilir. Amma həmin qüvvələrin hara bağlı olduğu, kim olduğu açıqlanmır.

AzadlıqRadiosunun Özbək xidməti Qaraqalpaq bölgəsində fəaliyyət göstərən alternativ məlumat mənbələrinə çatımlığım məhdudlaşdırıldığını və həmçinin internetə girişdən problemlərin olduğunu yazır.

Hadisələrdən sonra yayılan ilkin məlumatlarda etirazların Konstitusiyaya dəyişikliklər layihəsinin dərcindən sonra başladığı bildirilib.

Bildirilir ki, iyunun 26-da ictimai müzakirəyə çıxarılan Konstitusiya layihəsində indiyə qədər yer almış Qaraqalpaqıstanın suverenliyini və respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ ilə bağlı bənd çıxarılıb.

Özbəkistanın Qaraqalpaq bölgəsi, (Xəritədə qırmızı rəngdə)

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib. 1936-cı ildə Qara-qalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib. 1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir və indi isə ləğv edilməsi təklif olunur.