Azərbaycandan Gürcüstana ikiqat güzəşt

►Azərbaycan Gürcüstana nəql olunacaq qazın həm həcmini artıracaq, həm də qiymətini aşağı salacaq

Rəsmi Tbilisinin “Azərbaycan qazı yerinə Rusiya qazı” həmləsi nəticəsini verib. Azərbaycan Gürcüstana nəql olunacaq qazın həm həcmini artıracaq, həm də qiymətini ucuzlaşdıracaq. Elə Gürcüstan hökumətinin də istəyi bu idi.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, Gürcüstana əlavə 500 milyon kubmetr qaz veriləcək.

Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bu gün – martın 1-də bildirib ki, Azərbaycandan əlavə qaz həcmlərinin alınması məsələsi, faktik olaraq, həllini tapıb.

APA Tbilisidəki qaynaqlara dayanaraq xəbər verib ki, Rusiyanın "Qazprom" şirkəti ilə Gürcüstanın danışıqları gələn həftə yekunlaşmalıdır.

Rəsmi Tbilisinin belə davranışları Azərbaycanda birmənalı qarşılanmayıb.

“Bu qədər güzəştdən sonra da Gürcüstan...”

Politoloq Elxan Şahinoğlu deyir ki, Gürcüstan hökuməti, əslində, Azərbaycandan istədiyini şantaj yoluyla qopardı:

“Üstəlik, ARDNŞ nəql olunan qazın qiymətini aşağı salmağa da razıdır”.

E.Şahinoğlu düşünür ki, bunun qarşılığında Gürcüstan hökuməti İran qazının Ermənistan üzərindən nəqli mövzusuna son qoymalıdır: “Bu qədər güzəştdən sonra da Gürcüstan “İran qazının Ermənistandan üzərindən nəqlini müzakirə edirik” fikri ilə Azərbaycana şantajı davam edərsə, onda strateji tərəfdaşlıqda dərin çat əmələ gələcək”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İqtisadçı ekspert Natiq Cəfərli baş verənləri Gürcüstan hökumətinin uğuru sayır:

“Bizdən fərqli olaraq, Gürcüstanda seçki var. Seçilmiş, hesabat verməli, vətəndaşlardan asılı hökumət var. İvanaşvili hakimiyyətə gəlməzdən öncə, hələ seçki zamanı vətəndaşlara söz vermişdi ki, qazın qiymətini salacaq. O zaman da müəyyən konflikt yaşandı, amma ARDNŞ qiymətdə 10 faiz güzəştə getdi və bununla da məsələ çözüldü. İndi Gürcüstanın əlində imkanlar var ki, İrandan, Rusiyadan qaz alsın, bunun üçün hazır infrastruktur var”.

Kakha Kaladze

“Kaladze şəxsi cibi üçün çalışsaydı...”

Ekspert Gürcüstan hökumətinin 2 başlıca tələbini yada salır:

“Birincisi, yeni tikilən qaz-elektrik stansiyasından əlavə qaz almaq, ikincisi - əhaliyə satılan qazın qiymətini salmaqdır. Bu iki tələbi şəxsi maraqları üçün deyil, ölkələri üçün irəli sürüblər. Yəni, Kaladze ölkəsi və vətəndaşı üçün çalışır, şəxsi cibi üçün çalışsaydı, ARDNŞ çoxdan onunla dil tapardı. Kaladze məcburdur ki, seçkilər öncəsi vətəndaşlarını məmnun etsin”.

N.Cəfərlinin fikrincə, Gürcüstana qaz nəqlinin artması rayonlarda qaz kəsintisini ciddi şəkildə artıracaq.