'Dubaydakı Qazaxıstan': Keçmiş məmurları BƏƏ-dəki mülklərinə görə daha diqqətlə izləyəcəklərmi?

Bir çox keçmiş və indiki parlament deputatlarının Dubayda mülkləri var.

Qohumlarının Dubayda mülk sahibi olduğu bilinən indiki və keçmiş Qazaxıstan rəsmilərinin adlarına baxılsa, aralarında məşhur adların da olduğu bütöv bir yeni hökumət qurmaq mümkündür.

Onlardan neçəsi belə mülklərə sahib olduqlarını vətənlərində açıqlayır və bu mülklər hansı pullarla alınıb?

AzadlıqRadiosunun qazax xidməti həyat yoldaşları, övladları və bacı-qardaşları Dubayda mülk sahibi olan rəsmilərə məhz həmin iki sualı verib. Onların yaxınlarının Dubayda mülk sahibi olması haqda bilgi ABŞ-də fəaliyyət göstərən Öncül Müdafiə Araşdırmaları Mərkəzi (C4ADS) adlı qeyri-hökumət təşkilatından götürülüb.

"Dubay" deyincə telefon danışığı kəsilib?

Bəzi hallarda telefon danışıqları "Dubay" sözündən o yana davam etməyib.

Digər hallarda isə sabiq məmurlar bu mülkləri dövlət qulluğuna gəldiklərindən öncəki karyeralarına, yaxud həyat yoldaşlarının biznes sahəsindəki uğurlarına bağlamağa çalışıblar.

AzadlıqRadiosu qazax xidmətinin əməkdaşı Manas Kayırtayulının hazırladığı materialda deyilir ki, Qazaxıstanın zəngin adamlarının Dubayda daşınmaz əmlaka sahib olmaq üçün bir çox səbəbi var. Bu səbəblərin xeyli bölümünün qanunsuzluqla heç bir bağlantısı yoxdur.

Qanunun Aliliyi siyahısında Qazaxıstanın Ümumdünya Ədalət Layihəsinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 28 pillə geridə olması fonunda cəmiyyətdə tanınan bir insan üçün İran Körfəzinə baxan "Palm Cumeyra" evlərinə yatırım Astanada bahalı əmlaka yatırımdan daha güvənli görünür. Üstəlik, Dubayın qışı dünyanın ikinci ən soyuq paytaxtı sayılan Astanadan qat-qat mülayim keçir.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Maksut Nurimanovun həyat yoldaşı Jibek Nurimanova Dubayın "Al-Majara" kompleksində mənzil alıb.

C4ADS-in siyahısında 1550 Qazaxıstan vətəndaşının adı var. Onlar Dubayda toplam dəyəri yüz milyonlarla dollarlıq 2 min 700-dən çox daşınmaz əmlakın sahibidirlər. Belə mülk sahibləri arasında adı bilinməyənlərin də olması mümkündür. Bu da nəzərə alınsa, BƏƏ qanunsuz əldə edilən aktivlərin ölkəyə qaytarılmasına çalışdığını deyən Qazaxıstan rəsmilərinin əsas diqqət mərkəzində olmalıdır.

Hökumətin həmin istiqamətdə apardığı işlə maraqlanan jurnalistlər eyni qısa cavabı eşidirlər: bu məlumat məxfidir.

Qazaxıstan rəsmiləri müstəqillik dövründə ölkədən kapital axınından gileyləniblər. Onlar mənşəyi şübhəli olan sərvəti ölkəyə qaytarmaq istəyənlərə güzəşt müddəti də təklif ediblər, bu təklifə məhəl qoymayanları cəzalandıracağını da deyiblər.

Qazaxıstanda kimin Nazabayevdən daha çox sərvəti ola bilər?

Bu kampaniyanın sözçüsü, adətən, keçmiş prezident Nursultan Nazarbayev olurdu. Onun da həmin mövzudakı nəsihətləri məlum səbəblərdən qımışıqla qarşılanırdı. Axı Qazaxıstandakı bütün ailələr arasında hər hansı birinin xaricdə Nazarbayevlərdən daha çox əmlaka sahib olması inandırıcı deyil.

Ancaq 2022-ci ilin yanvarında 230-dan çox insanın ölümü və keçmiş prezidentin, əslində, ictimai həyatdan uzaqlaşdırılması ilə nəticələnən iğtişaşlardan sonra Nazarbayevin sələfi Kasım-Jomart Tokayev kapital axını ilə mübarizədə bir qədər də irəli gedib.

Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Aktobe şöbəsinin keçmiş rəisi Mirlan Muxambetovun həyat yoldaşı Yelizaveta Yermuxanovanın "Safeer Tower 2" yaşayış kompleksində beş mənzilin sahibi olduğu üzə çıxıb.

Xalqın sistem dəyişikliyi tələbi qarşısında elə həmin il onun hökuməti ölkə daxilində və xaricində qanunsuz əldə edilmiş aktivlərin qaytarılması üzrə paralel komissiyalar yaratdı. Növbəti il isə aktivlərin qaytarılması haqda qanun qüvvəyə mindi.

AzadlıqRadiosu qazax xidmətinin hazırladığı "Dubaydakı Qazaxıstan" adlı altıbölümlü hesabatda göstərilən çoxsaylı mülklər 100-dən çox keçmiş Qazaxıstan rəsmisinin xanımlarına və yaxın ailə üzvlərinə məxsusdur. Bu bilgi hökumət mənbələrindən götürülüb.

Qazaxıstan Dövlət Gəlir Komitəsi bildirir ki, aktivlərin açıqlanması ilə bağlı 2021-ci ildə başlanan kampaniyanın birinci mərhələsində dövlət vəzifələrində çalışan 40 nəfər BƏƏ-də özlərinin və həyat yoldaşlarının adına daşınmaz əmlakın (60 mülk) olduğunu bəyan edib. "Dubaydakı Qazaxıstan" hesabatında adı çəkilən keçmiş dövlət rəsmilərindən bəziləri o zaman hələ vəzifədə idi.

Yanvar ayından etibarən aktivlərin bəyan edilməsinin ən son mərhələsi başlanacaq. Bu mərhələdə bütün vətəndaşlar və Qazaxıstanda yaşayan bütün qeyri-vətəndaşlar öz aktivlərini açıqlamalıdırlar.

Di gəl, hətta ictimai şəxslər üçün olan bəyannamələr adi vətəndaşlara açıq deyil.

Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı ailəsinin Dubayda "Shams IV" kompleksində yeddi mənzili var.

"Tək problem odur ki…"

AzadlıqRadiosunun qazax xidmətindən başqa, müstəqil vlast.kz xəbər saytının jurnalistləri də C4ADS-in siyahısı ilə işləyiblər.

vlast.kz-nin təsisçisi Vyaçeslav Abramov qazax xidmətinə müsahibəsində istər Dubayda, istər Qazaxıstanda, istərsə ABŞ-də (Nyu-Yorkda) daşınmaz əmlak ala bilən insanlar üçün "çox şad" olduğunu deyib. "Tək problem odur ki, onların hamısı bunu gizlətməyə çalışır", - onun sözləridir.

"Axı [bilgilərə baxanda] bizə heç nə deməyən onlarla, bəlkə də, yüzlərlə ad görürük. Çox ola bilsin, onların kimliyini ona görə müəyyənləşdirə bilmirik ki, əmlak sürücülərin, cangüdənlərin, yaxud aşağı vəzifəli dövlət məmurlarının adına yazılıb. Yüksəkvəzifəli rəsmilər onları öz adlarına qeyd etdirmək istəməyib", - Abramov belə deyir.

Aktivlərin qaytarılması haqda Tokayevin ötən il imzaladığı qanun sərvəti 100 milyon dollar və daha çox olan şəxslərin hüquq-mühafizə qurumları tərəfindən araşdırılmasını nəzərdə tutur. Sərvəti bundan daha az olan şəxslərsə, sadəcə, sorğu ilə üzləşəcəklər.

Ancaq hətta Qazaxıstan kimi neflə zəngin ölkə üçün belə 100 milyon dollar çox yüksək həddir.

Çox sayda araşdırmalarda sərvətinin 100 milyon dollardan artıq olduğu qeyd edilən ailələrdən biri Nazarbayevin ailəsidir. Onun yaxınlarının və birlikdə yaşadığı xanımının adları C4ADS-in AzadlıqRadiosunun qazax xidməti və digər media qurumlarına təqdim etdiyi bilgilərdə dəfələrlə hallanıb.

Dövlət qurumları Nazarbayevin üç qızının xaricdəki aktivləri ilə bağlı hər hansı araşdırmanın adını çəkməsə də, Nazarbayev ailəsinin bir üzvünün "əmlak çantası" detallarınadək təsvir edilib. Söhbət Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıdan gedir.

2022-ci ilin payızında korrupsiya və mənimsəmə ittihamları ilə 6 illik həbs cəzasına məhkum edilən Satıbaldı keçmiş dövlət başçısının qanlı yanvar hadisələrindən sonra həbs cəzası alan ilk və tək qan qohumudur. Buna baxmayaraq, biznesmen və keçmiş milli təhlükəsizlik general-mayoru Satıbaldı 2024-cü ilin sentyabrında həbsxanadan buraxılıb və indi sınağa bənzər cəza çəkir.

Hökumət onun qanunsuz əldə etdiyi aktivlərin 1.5 milyard dollarını dövlətə qaytardığını iddia edir və bunun onun erkən azadlığa buraxılmasının səbəblərindən biri olduğunu deyir.