Qazaxıstandan yüksək rütbəli rəsmilərin ölüm xəbərləri gəlir (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Qazaxıstandan son xəbərlər: KTMT qüvvələrinin bu ölkədə qalma müddəti açıqlanır

Bəzi xəbərlərə görə Suleymenova qarşı cinayət işi qaldırılmışdı və onu tribunal mühakiməsi gözləyirdi

Qazaxıstandan gələn xəbərlərdə deyilir ki, Cambul vilayətinin polis rəisi, general Janat Suleymenov ölü tapılıb.

Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən Vlast.kz saytı verib.

Suleymenovun ölüm xəbərini Interfax agentliyinə regional hakimiyyətin Taraz şəhərindəki nümayəndəliyi də təsdiq edib.

Agentlik Suleymenovun intihar etdiyini bildirir. Hakimiyyət nümayəndələri bu xəbəri təsdiq etsələr də araşdırma aparıldığını bildiriblər.

Vremya qəzetinin jurnalisti Mixail Kozaçkov özünün Telegram kanalında bildirir ki, etirazçılarla güc strukturları arasında toqquşmaların ardınca Suleymenova qarşı cinayət işi qaldırılmışdı və onu tribunal mühakiməsi gözləyirdi.

Daha sonra məlum olub ki, Almatı şəhəri Türksib rayonunun polis rəisi Tanat Nazanov iş kabinetində infarktdan vəfat edib.

Qazaxıstan DİN bu xəbəri də təsdiqləyib.

Buna da bax: Qazaxıstanda hakimiyyət savaşı gedirmi

Daha bir intihar?

Yanvarın 10-da bu da xəbər verilir ki, Qazaxıstan Milli Təhlükəslzik Komitəsinin (MTK) polkovniki Azamat İbrayev də ölü tapılıb.

Onun meyitini Nur-Sultandakı evinin pəncərəsi altında aşkar ediblər. Meyitdə yüksəklikdən yıxılma üçün xarakterik olan xəsarətlərin olduğu deyilir.

Qazaxıstanın dövlət KazTag xəbər agentliyinin məlumatına görə, hadisə yerinə gələn polis İbrayevin mənzilini yoxlayarkən mətbəx pəncərəsinin açıq olduğu müəyyən edilib.

Xəbərdə bu da deyilir ki, mərhum hazırda həbsdə olan MTK-nın keçmiş sədri Kərim Məsimovun yaxın yoldaşı olub.

Yanvarın 8-dən Cambul vilayətində terror təhlükəsinin “qırmızı dərəcəsi” elan edilib.

Regionda 150 nəfərin həbs olunduğu, “onlarla cinayətkarın məhv edildiyi” və 1 polisin həlak olduğu bildirilir.