Qazaxıstan Bakı və Yerevan arasında sülh danışıqları üçün platforma təklif edir

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçirilib

Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının keçirilməsi üçün platforma təklif etməyə hazırdır.

Bunu iyulun 6-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammitində çıxışında deyib.

Qazaxıstan prezidenti Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olacağına ümidvar olduğunu bildirib.

"Sülh müqaviləsi böyük əngəlləri aradan qaldıracaq"

“Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması ilə Cənubi Qafqazda genişmiqyaslı regional həllin qarşımızdakı ən böyük əngəli ortadan qaldıracağına inanıram”. Bunu isə zirvə toplantısındakı çıxışında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

C. Yılmaz bildirib ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır: “Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq”.

Qarabağ bəyannaməsi imzalanıb

Tədbirdə Qarabağ bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz imzalayıblar.

Bəyannamənin detalları, hələlik, açıqlanmayıb.

Toplantıda Macarıstanın baş naziri Viktor Orban, yalnız Türkiyənin tanıdığı Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar və TDT Baş Katibi Kubanıçbek Omuraliyev də iştirak edirlər.

Tədbirdə nəqliyyat əlaqələrinin gücləndirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə məsələləri müzakirə olunub.

Gələn il Laçın aeroportu açılır

Gələn il Azərbaycanın 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Bunu prezident İlham Əliyev sözügedən tədbirdə deyib.

İ.Əliyev çıxışında bildirib ki, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatıb: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir".

Prezident Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyini də vurğulayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.