Qərbin Ukraynaya verdiyi hərbi avadanlıq müharibəni bu ölkənin xeyrinə dəyişə, Rusiyanın Donbasdakı hücumunu dayandıra bilərmi? Britaniyanın Mühafizəkarlar Partiyasının keçmiş təhlükəsizlik müşaviri, Article 7 konsultasiya qrupunun baş icraçı direktoru Qarvan Vəlş AzadlıqRadiosu-nun müxbiri Reyd Stendişə bu haqda danışıb.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya hazırda qüvvələri Donbasa yönəldib, 2014-cü ildən separatçılara dəstək verdiyi Luqansk və Donetsk vilayətlərini tam nəzarətə almağa çalışır.
Buna da bax: Çavuşoğlu Türkiyənin Ukrayna siyasətini izah edib“Qərbin dəstəyi çox aşağı oldu”
Birləşmiş Ştatlar Ukraynaya əlavə 800 milyon dollarlıq yardım paketini təsdiqləyib. Slovakiyadan tutmuş Baltik ölkələrinə, Kanadaya qədər bir sıra dövlət Ukraynaya daha ağır, uzaq mənzilli silahlar, o cümlədən haubitsalar, təyyarə əleyhinə sistemlər, gəmi əleyhinə raketlər, silahlı dronlar, zirehli texnika, tanklar göndərirlər.
Müharibənin tez bitəcəyini gözləyən Qərb ilkin mərhələdə Kiyevi yüngül silahlar və avadanlıqla təchiz edirdi. Ancaq Qarvan Vəlş Ukraynanın almalı olduğu silahları tam əldə etmədiyini deyir.
“Ukrayna ordusu avadanlıqdan inanılmaz effektli istifadə edir. Yüksək əhval-ruhiyyədə, yaxşı təlim görmüş əsgərləri var, Rusiyanın da xeyli avadanlığını ələ keçirərək təzədən işlədirlər. Ancaq həqiqətən də, Qərbin dəstəyi çox aşağı oldu. Tələb olunan miqyasda olmadı”, – təhlilçi deyir.
Buna da bax: Mariupol yaxınlığında böyük məzarlığın aşkar olunduğu xəbər verilirArtilleriya topları, atəş radarları
“Qərb Rusiyanın taktikasını, motivasiyasını yanlış dəyərləndirib. Rusiya aydın şəkildə zəfər müharibəsi istəyir. Bunu Buçada və digər yerlərdə qətliamlardan görürük. Qərb gerçəkdən Ukraynaya mümkün olan hər şeyi verməlidir ki, onlar bu aşırı aqressiv hərbi əməliyyatla vuruşa bilsinlər, rusiyalıları tutduqları ərazilərdən çıxarsınlar”, – Vəlş vurğulayıb.
Qərb Ukraynaya nəyi nisbətən tez çatdıra bilər? Təhlilçi yeni artilleriyanı çox faydalı sayır:
“Adamlara bununla bağlı sürətlə təlim keçmək olar. Onlara Qərbdə olan, Rusiyada olmayan çox müasir artilleriya topları vermək olar. Bu, artilleriyanın gücünü xeyli artırar. Ukraynanın atəş radarı ola bilər, onlar rusiyalıların artilleriya atəşini aşkarlayaraq onu dərhal məhv edə bilərlər. amma onlara bunlardan çox çatdırmaq lazımdır”, – deyən ekspert çox ağır döyüşdə Ukraynaya dəhşət çox sursat gərəkəcəyini vurğulayır: “Onlara həm sovet dövrü artilleriyası, həm də Qərb artilleriyası üçün çoxlu sursat lazım olacaq, bu mərmilərin ölçüləri azacıq fərqlidir”.
Buna da bax: Latviya hərbi cinayətləri dəstəkləyənləri vətəndaşlıqdan çıxaracaqTəlim, logistik dəstək
Müharibənin səngimə əlamətləri görünmür və Ukrayna sovet və Rusiya istehsalı avadanlığı tükənəndən sonra NATO ölkələrinin verdiyindən istifadə edəcək. “Ordunun yeni avadanlığı öyrənməsi çoxmu çətindir?” sualına cavabında Vəlş quru avadanlığının xeyli idarəolunan, hava qüvvələrinin isə çox çətin olduğunu deyir. Qırıcı pilotların hətta ABŞ istehsalı F-16 və F-15 təyyarələrini öyrənməsi xeyli vaxt alacaq. Təhlilçi Ukraynaya ciddi logistik dəstək gərəkdiyini də vurğulayır. Onlara müxtəlif növ yanacaq, müxtəlif növ ehtiyat hissələri lazımdır.
Vəlş Qərbin bu dəstəyi vermək gücündə olduğunu vurğulayır.
“Qərb anlamalıdır ki, bu müharibə uzanacaq, Qərblə Ukrayna onu uda bilər, çünki üstün iqtisadi gücü, Rusiya ilə müqayisədə çox üstün sənaye gücü var. Sonucda döyüşdə Ukrayna üstünlük qazanacaq. Ancaq bundan ötrü Qərb ona dəstək verməlidir…
Ukraynanın özünün də güclü yerli müdafiə sənayesi var. Bütün bunlar yerli müdafiə sənayesinin Qərb standartlarına, NATO avadanlığına adaptasiyasına kömək edəcək”, – ekspert deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Almaniyanın “o qədər hərbi texnikası yoxdur”
Vəlş Almaniya hökumətində isə Ukraynanı ağır silahlarla təchiz etməklə bağlı daxili çəkişmə getdiyini deyir. Kansler Olaf Şoltsun Sosial Demokratik Partiyasından (SDP) keçmiş kansler Gerhard Şröder hələ də Rusiyanın Rosneft enerji şirkətinin idarə heyətindədir. Yaxud Prezident Frank Valter Ştaynmeyer keçmişdə rusiyapərəst mövqe sərgiləyib və bu yaxınlarda Ukraynaya buraxılmayıb. Yaşıllar Partiyası isə daha aqressiv addımlar tələb edir.
“Üstəlik, almanların indi o qədər hərbi texnikası da yoxdur. Rusiyanın işğalından sonra silahlı qüvvələrin yenilənməsi üçün 100 milyard avroluq fövqəladə paket təsdiqlədilər, sursat ehtiyatları da çox azdır. Tanklarının ehtiyat hissələri yoxdur, heç tankları da çox deyil”, – deyən təhlilçi Almaniya üçün ən yaxşı yolun Rusiyadan neft təchizatını kəsmək olduğunu deyir, amma bunun çox ləng getdiyini vurğulayır.
Buna da bax: ABŞ-dan Ukraynaya daha bir 800 milyon, Rusiya gəmilərinə qadağan“Almaniya Rusiya neftindən çox asılı deyil, amma Rusiya qaz satışından daha çox neftdən qazanır, çünki neft xeyli bahadır. Neft təchizatını dayandıraraq tədricən qaz idxalını azaltmağa yönəlmək olardı, bu isə görünür, daha çətindir”, – Vəlş bildirir.
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Qərbin ağır sanksiyaları ilə üzləşib. Ancaq Avropa Rusiyadan enerji idxalından imtina etməyib, bunu tədricən azaldacağını vurğulayıb.