Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda 2 min 95 yanğın qeydə alınıb. Həmin yanğınlarda 51 nəfər həlak olub və 2021-ci illə müqayisədə həyatını itirənlərin sayı 34 faiz çoxalıb. Yanğınlar ötən il 577 tikilini məhv etməklə toplam 20.8 milyon manatlıq ziyan vurub.
Rəsmi rəqəmlərə görə, yanğınlar ən çox yaşayış binalarında baş verib. Ötən il ölkədə qeydə alınan yanğınların 70 faizi yaşayış binalarında qeydə alınıb.
Yanğınların əsas səbəbləri
Rəsmi rəqəmlərə görə, yanğınlar, əsasən, elektrik avadanlığından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasından qaynaqlanıb. Ötən il ölkədə qeydə alınan yanğınların 41 faizi məhz bu səbəbdən baş verib. İkinci böyük səbəb - yanğınların qəsdən törədilməsidir. 2022-ci ildə ölkədə 336 yanğın qəsdən törədilib. Bu, ilboyu qeydə alınan yanğınların təxminən hər altısından birinin – 16 faizinin qəsdən törədilməsi deməkdir.
Qəsdən törədilən yanğınlarda "niyə" sualını cavablayan rəsmi faktlar yoxdur. Ancaq indiyədək mediada işıqlandırılan qəsdən yanğın olaylarından bilinir ki, əsasən, iki səbəb ön plana çıxır. Bunlardan biri cinayət tərkibli, qəsdən əmlaka zərər vurmaq üçün törədilən yanğınlardır.
Buna da bax: Bu binalarda yanğın olarsa, söndürmək az qala mümkünsüzdürİnsanların öz həyətyanı sahələrini, əkin sahələrini təmizləmək üçün kol-kosu yandırdığı hallar da var. Bəzən belə yanğınlar nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılır və bu da daha çox insana zərər vurur. Eyni zamanda, bəzi fermerlər əkin sahələrinin yandırılmasının torpağa faydalı olduğunu da düşünür. Amma kənd təsərrüfatı ekspertləri bunun yanlış düşüncə olduğunu vurğulayırlar. Kənd Təsərrüfatı Nazirliyi bir neçə il öncə açıqlama yayaraq əkin sahələrini yandıran fermerlərin cərimələnəcəyini də bildirmişdi. Di gəl, hələ də əkin sahələrinin yandırılmasına rast gəlinir və bəzi hallarda bu yanğınlar da nəzarət çıxaraq böyük zərər vurur.
Ölkədə yanğın çıxmasına ən çox səbəb olan üçüncü hal odla ehtiyatsız davranmaqdır. Ötən il 284 elə yanğın qeydə alınıb. Bu, bütün yanğınların 14 faizi deməkdir. Siqaret çəkərkən ehtiyatsızlıqdan da 80 yanğın olayı baş verib.
Meşə yanğınlarında rekord artım
Son illər Azərbaycanda meşə yanğınlarının sayında da ciddi artım gözə çarpır. Meşə yanğınlarının, əsasən, 2019-cu ildən bəri çoxalması diqqət çəkir. Həmin ilədək Azərbaycanda hər il (son 10 ildə) ortalama yeddi meşə yanğını baş verirdi, 2019-cu ildə bu say 20-yə, 2020-ci ildə 27-yə, 2021-ci ildə 41-ə yüksəldi. DSK-nın ötən illə bağlı hesabatdan bəlli olur ki, 2022-ci ildə ölkədə meşə yanğınları bir qədər də artaraq 66-ya çatıb. Bu, indiyədək bir ildə qeydə alınan ən yüksək göstəricidir. Deməli, son dörd ildə Azərbaycanda qeydə alınan meşə yanğınlarının sayı təxminən yeddi dəfə artıb.
Buna da bax: Yardımlı və Masallıda yanğın: 'Camaat özü də kömək edir'Ötən il meşə yanğınlarının əhatə etdiyi sahə baxımından da antirekord qeydə alınıb. 2022-ci ildə Azərbaycanda meşə yanğınları 869 hektarı əhatə edib. Bu, təxminən öncəki 10 ildə meşə yanğınlarının əhatə etdiyi sahəyə bərabər göstərici deməkdir. 2022-ci ildəki meşə yanğınlarının vurduğu zərər 296 min manat həcmində qiymətləndirilib. Bu, 2000-2021-ci illərdə baş verən meşə yanğınlarının vurduğu toplam zərərdən daha çoxdur.
Meşələrlə bağlı açıqlanan rəqəmlərdən aydın olur ki, ölkədə yanacaq kimi istifadə edilən odunun da həcmi artıb. Ötən il 68 min kubmetr odun tədarük edilib. Bu, 2021-ci illə müqayisədə təxminən 10 faiz artım deməkdir. Ölkədə ilboyu qırılan ağac həcmində də 10 min kubmetr artım var.