QHT-lər fəaliyyətinə davam edə bilər?

Azay Quliyev

-

«QHT-lərlə əlaqədar cinayət işinin təhqiqatı başa çatıb, hesablar üzərindən həbs götürülüb».

APA-nın xəbərinə görə, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Şura sədri hesablarına həbs qoyulan QHT-lərin artıq sərbəst şəkildə fəaliyyət göstərməyə davam edə biləcəklərini bildirib.

«Hər hansı QHT-nin bu baxımdan problemi yoxdur. Müəyyən cinayət işinin istintaqının aparılması ilə əlaqədar bir sıra QHT-nin hesabları dondurulmuş, yaxud hesablarına həbs qoyulmuşdu. Artıq bu cinayət işi ilə bağlı tədqiqat başa çatıb, Baş Prokurorluğun verdiyi vəsatət əsasında hesabların üzərindən həbslər götürülüb, dondurulmuş hesablar da yoxdur», - deyə A.Quliyev bildirib.

Baş Prokurorluq QHT-lərin hesablarına qoyulan həbslərin götürülməsi ilə bağlı, hələ ki, hər hansı açıqlama verməyib.

Bir müddət öncə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də QHT-lərin bank hesabları üzərinə qoyulan həbsin qaldırıldığını söyləmişdi.

Azərbaycanda hələ iki il öncə əsasən xarici donorlardan maliyyələşən qeyri-hökumət təşkilatlarının əksəriyyətinə cinayət işi açılıb. Həmin cinayət işinə görə QHT-lər fəaliyyətini dayandırmalı olublar.

Baş Prokurorluq 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə cinayət işi açıldığını açıqlamışdı. Cinayət işi həmin təşkilatların fəaliyyətlərində qanun pozuntularının aşkar edilməsi ilə izah olunurdu.